Qazaxda Azərbaycan əsgəri həlak olub

Arif Məmmədov

Hadisə Qazax rayonundakı N saylı hərbi hissədə baş verib

İyulun 26-da Beyləqan rayonunun RTS qəsəbəsinin sakini, 1999-cu il doğumlu hərbçi Arif Mikayıl oğlu Məmmədovun həlak olduğu bildirilir. Bu barədə Meydan TV-yə hərbçinin yaxınları məlumat verib. Bildiriblər ki, Arif Məmmədov Qazax rayonunun N saylı hərbi hissəsində xidmət edirmiş. Onun Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində öldüyü bildirilir. Meydan TV-nin əldə etdiyi başqa bir məlumatda isə deyilir ki, o, hərbi hissədə əsgər yoldaşı tərəfindən güllələnərək öldürülüb. Səbəb isə soruşanda parolu bilməməsi olub.

Meydan TV məsələyə münasibət öyrənmək üçün qəsəbənin icra nümayəndəsi Bəkir Balakişiyevlə əlaqə saxlayıb. O, Arif Məmmədovun həqiqətən də həlak olması barədə məlumatı təsdiqləyib: “Ölüm səbəbini bilmirik. Hələ meyit də gəlib çıxmayıb, deyirlər, yoldadır”.

Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Oxşar hadisə ötən ilin avqustunda Tovuz rayonunun Əlibəyli kəndində də olmuşdu. Müddətdən artıq hərbi xidmətdə olan əsgər 1986-cı il doğumlu Şahin Şəmistan oğlu Əhmədov və 1998-ci il təvəllüdlü əsgər Vahid Vüqar oğlu Musayev də əsgər yoldaşları tərəfindən vurularaq həlak olmuşdular. O zaman da səbəbin əsgərlərin parolu bilməməsi olduğu söylənmişdi.