Maliyyə yardımı alan qəzetlərin siyahısı açıqlandı

26 gündəlik qəzetə dövlət büdcəsindən pul verildi

İyulun 19-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Toplantıda qəzetlərə maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub. Qurumun icraçı direktor Vüqar Səfərli deyib ki, qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımın ayrılması çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.

Yekun olaraq 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısı:

1. “Azərbaycan” qəzeti – 40.000
2. “Bakinski raboçi” qəzeti – 40.000
3. “Bakı Xəbər” qəzeti – 40.000
4. “525-ci qəzet” – 40.000
5. “Xalq qəzeti” – 40.000
6. “İki sahil” qəzeti – 40.000
7. “Kaspi” qəzeti – 40.000
8. “Kaspiy” qəzeti – 40.000
9. “Mövqe” qəzeti – 40.000
10. “Palitra” qəzeti – 40.000
11. “Respublika” qəzeti – 40.000
12. “Səs” qəzeti – 40.000
13. “Şərq qapısı” qəzeti – 40.000
14. “Yeni Azərbaycan” qəzeti – 40.000
15. “Yeni Müsavat” qəzeti – 40.000
16. “Ekspress” qəzeti – 40.000
17. “Ədalət” qəzeti – 40.000
18. “Olaylar” qəzeti – 40.000
19. “Şərq” qəzeti – 40.000
20. “Bizim yol” qəzeti – 40.000
21. “Xalq Cəbhəsi” qəzeti – 33.000
22. “Həftə içi” qəzeti – 33.000
23. “Azad Azərbaycan” qəzeti – 33.000
24. “Novoye vremya” qəzeti – 33.000
25. “Paralel” qəzeti – 33.000
26. “Üç nöqtə” qəzeti – 33.000

Cəmi: 998000

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Meydan TV-yə deyib ki, çap mətbuatına 1 milyon manatın ayrılması inkişafın göstəricisi deyil:

“Maliyyə yardımı edilən qəzetlər qəzet deyil. Gedin həmin qəzetlərin tirajlarına, alışına baxın. Hazırda Azərbaycanda qəzet yayımı sistemi və reklam bazarı yoxdur. Hətta bunlar olsa belə, həmin qəzetləri heç kim almır. Artıq ölkədə qəzet almaq vərdişi yoxa çıxıb. Ən əsası həmin qəzetlərdə maraqlı və alternativ informasiya da yoxdur”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə 1 milyon manatı son illər hökumətin mediaya ayırdığı vəsaitin qarşısında çox cüzi məbləğ sayıb:

“Hər il çap mətbuatına təxminən 4-5 milyon xərclənir, hələ mənzillərin tikilməsini də bura əlavə edin. Əgər bu ayırmaların qarşılığında müsbət dəyişiklik olmayıbsa, 1 milyon manatla da olmayacaq. Sadəcə, əlavə puldur”.

Onun fikrincə, rəsmi statistikaya görə qəzetlərin fərdi gəlirləri son 2-3 ildə 3-4 dəfə aşağı düşüb, bura reklam və satışdan olan gəlirlər daxildir. Ona görə də qəzetlərin nəinki inkişafı, heç özlərini saxlamağa da imkanı yoxdur. Ümumiyyətlə, bu şəkildə vəsait ayrılması olan-qalan medianın inkişafdan saxlanılması, öldürülməsi deməkdir:

“Çünki qəzetlərin durumu haqda heç bir araşdırma aparılmır, reklam bazarı sıradan çıxır, peşəkarlıq aşağı düşür. Sadəcə, ayrılan pullar bölünür, onlara sərf olunmur. Onlar da bu pulları öz aralarında bölüb, sakitcə otururlar”.