Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev Fotoqraf: sosial şəbəkə

İctimai fəal təxribata məruz qaldığını deyir

Bəxtiyar Hacıyev güc strukturlarına müraciət edib

İctimai fəal Bəxtiyar Hacıyev təxribata məruz qaldığını deyir. O, bu barədə öz “Facebook” səhifəsində paylaşımlar edir. Fəalın sözlərinə görə, təxribatla Gəncə hadisələri ilə bağlı paylaşımlarından sonra üzləşib:

“ABŞ-da qeydiyyatdan keçmiş virtual nömrələrdən xanımlar, kriminal keçmişi olan insanlar, dindarlar, gəncəlilər, sumqayıtlılar və polislər təhqir dolu mesajlar alırlar. Mesajın sonuna isə mənim nömrəm və adım yazılır. Sanki o mesajları yazan mənəm”.

Bəxtiyar Hacıyev bildirir ki, həmin mesajlar vasitəsilə insanlar təhqir edilir, hədələnir:

“Sonda isə mənim adımı və nömrəmi yazırlar. Bu, telefon terroru, təxribat, kibercinayətkarlıqdır. Hər an bu SMS-lərin göndərildiyi adamlardan kimsə mənə qarşı təxribata uya bilər və bunun ciddi nəticələri olar”.

B. Hacıyev iyulun 19-da başına gələnlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) də olub. Deyir, onu qəbul edib, ekran görüntülərini istəyiblər. Daxili İşlər Nazirliyində isə fərqli münasibətlə rastlaşıb:

“Bu gün görüntüləri təqdim etdim. DİN-də isə 2 saata yaxın 20-dən çox daxili nömrə ilə danışsam da, aşağı düşüb, ekran görüntülərini götürən olmadı. DİN sözçüsü Ehsan Zahidov "bəs indi kimsə bu polisləri bıçaqlasa, yaxud məni öldürsə, kim məsuliyyət daşıyacaq?" sualına "əgər hər hansı bir hadisə baş versə, araşdırarıq",- dedi. Yəni, təxribatın qarşısının alınması yox, hadisə baş versə, ondan sonra addım atılacağı deyildi. DİN-in poçt qutusuna rəsmi müraciətimi və faktları atıb, getdim Baş Prokurorluğa, orada da poçt qutusuna atmağımı istədilər”.

B. Hacıyev onun adından təhqir olunan polis işçisinə yazılan mesajların bir surətini prokurorluğa təqdim edib. Deyir, bu təhqirin, hədələrin, təxribatın arxasında duranları Azərbaycan hüquq-mühafizə orqanları dərhal tapmalıdırlar:

“Tapmasalar, demək ki, qeyri-peşəkardırlar, adi bir telefon terrorçusunu, təxribatçısını tuta bilmirlər. Belə olduqda, bu qədər orqanlar, texnoloji avadanlıqlar, sabitliyin qarantı əməkdaşlar kimə və nəyə lazımdır? Ya da ki, addım atmamaqla, araşdırmamaqla, bu təxribatın arxasında Azərbaycan hakimiyyətinin, hüquq-mühafizə orqanlarının özlərinin durduqlarını etiraf edəcəklər, bizdə heç bir şübhə qalmayacaq”.

B.Hacıyev deyir ki, hər halda, bir vətəndaş kimi o, öz üzərinə düşəni edib, addımlarını atıb, elektron və çap şəklində müraciətlərini edib, əlimdə olan sübutları verib:

“İndi top DİN, DTX və Baş Prokurorluqdadır. Bu mesajlar Gəncə hadisələrindən sonra başladı. Böyük ehtimal onunla bağlıdır və hakimiyyətin içində olan hansısa qrupların təxribatıdır".

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd olub. Əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov hadisədə təqsirləndirilən şəxs kimi saxlanılıb. Bundan sonra iyulun 10-da Gəncə şəhərində aksiya keçirilib və orada iki polis zabiti qətlə yetirilib. Bəxtiyar Hacıyev də digər ictimai fəallar kimi hadisələrə reaksiya verib, sosial şəbəkələrdə paylaşımlar edib.