Qubada ağır yol qəzası baş verib

Ölən və xəsarət alanlar var

Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində iyulun 18-də ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəsisi Səfayə Əhmədova “Report”a deyib ki, sərnişin avtobusu “Nissan” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Nissan”ın sürücüsü 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlu ölüb. Əraziyə 6 “Təcili yardım” maşını göndərilib.

Yaralılardan 6 nəfərinə hadisə yerində yardım göstərilib, daha 4 nəfər isə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralılardan üç nəfərinin vəziyyəti ağırdır.

İyulun 12-də səhər saatlarında Qaradağ rayonunun Sahil qəsəbəsində də oxşar yol qəzasəı baş vermişdi. Bakıya hərəkət edən 149 saylı avtobus yol kənarında dayanmış yük maşınına çırpılması nəticəsində avtobus aşıb, onun tavanı yerə yapışıb. Qəzada bir nəfər ölmüş, 10 nəfər yaralanmışdı.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılmışdı.