İstintaqa cəlb olunan baş redaktoru məhkəməyə də verdilər

Anar Məmmədov

Müğənninin şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq

Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və sonradan cərəyan edən hadisələr haqda məlumatlar paylaşdığına görə bir neçə gündür Bakı Şəhər Prokurorluğunda dindirilən “criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov indi də məhkəməyə verilib. Müğənni Günay İbrahimli baş redaktordan şikayətçidir. Onun şikayətinə iyulun 27-də Yasamal Rayon Məhkəməsində hakim Aytən Mirzazadənin sədrliyi ilə baxılacaq.

Müğənninin iddiasının mahiyyətinin nədən ibarət olması bilinmir. Özü bu barədə açıqlama verməyib.

Anar Məmmədov Meydan TV-yə deyib ki, saytda müğənni haqqında gedən məlumatlara görə məhkəməyə verildiyini ehtimal edir. Belə ki, “criminalaz.com” saytı mayın 14-də müğənninin “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını yazıb. Bundan sonra da müğənninin “Bandotdel”ə aparılmasının səbəbləri haqda məlumatlar işıqlandırılıb.

İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindiriliblər.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.