Rəsmi: Polis zabitinin qətlində şübhəli bilinən şəxs öldürülüb

Öldürülən şəxsin əməliyyat zamanı polisə müqavimət göstərdiyi bildirilir

Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirməkdə ittiham olunan Rəşad Məmmədəli oğlu Böyükkişiyevin öldürüldüyü bildirilir.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri iyulun 10-da Gəncə şəhərində iki polisin qətlində şübhəli bilinən şəxslərlə bağlı növbəti məlumat yaylb.

Bildirlir ki, polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, zərərsizləşdirilib.

Rəşad Böyükkişiyev
Rəşad Böyükkişiyev.

Qeyd olunub ki, Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilən əməliyyat tədbirləri ilə yaxalanıb. Bütövlükdə cinayətin fəal iştirakçılarından 11 nəfər tutulub, biri isə öldürülüb.

İyulun 10-da axşam 20 radələrində Gəncə şəhərinin mərkəzində aksiya keçirilib. Aksiyaçılarla polislər arasında qarşıdurma olduğu, nəticədə iki polis zabitinin öldürüldüyü bildirilir.

Axtarışda olanlardan 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov bir gün əvvəl saxlanılıb.