Gəncəli dindarın Bakıda həbs olunduğu bildirilir

Cəfər Zalov
Cəfər Zalov.

''Silahı özləri qoyub, özləri də götürüblər''

İyulun 6-da inanclı fəal Cəfər Zalovun Bakıda saxlanıldığı bildirilir. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Cəfər Zalov qanunsuz silah saxlamaqda ittiham olunur. Yaxınları isə bu ittihamın şər-böhtan olduğunu deyir.

Əslən Gəncədən olan, bu şəhərdə doğulub-böyüyən Cəfər Zalov son dövrlərdə Bakıda yaşayırmış. Yaxınlarının bildirdiyinə görə, iyulun 6-da Bakıda onun kirayə yaşadığı evə bir neçə polis gəlib və axtarış aparılıb. İddia edilir ki, axtarış nəticəsində evdən odlu silah tapılıb.

Yaxınları isə bildirir ki, Cəfər Zalovun silahı olmayıb, tapançanı evə polislər özləri atıblar: “Özləri qoyub, özləri də götürüblər. O evdə silah olmayıb”.

Cəfər Zalovun bir qardaşının Qarabağ döyüşlərində şəhid olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.