Pambıq tarlalarında daha bir kütləvi zəhərlənmə olub

Pambıq yığımı, foto: AFP

Hadisənin İmişlidə baş verdiyi bildirilir

İmişlinin Aranlı kəndindəki pambıq tarlalarının birində iyunun 21-də kütləvi zəhərlənmə olub.

Məlumatı AzadlıqRadiosu yerli sakinlərə istinadən yayıb.

Hadisənin təxminən saat 11-də kəndin “Petro yeri” deyilən ərazisində baş verdiyi deyilir:

“Pambıq tarlasında 60 nəfərədək adam olub. Narahatlıq olan kimi dərhal təcili yardım çağırılıb. Amma zəhərlənən şəxslər Rayon Mərkəzi Xəstəxanasına aparılmayıb. Həkim briqadası gəldi və ilkin yardım kənd xəstəxanasında göstərildi. İcra hakimiyyətinin işçiləri də tökülüb gəlmişdilər. Hazırda burada 24 xəstə var, qalanlarını evə buraxıblar. Hamıdan analizlər götürüb aparıblar rayona. Hələ bilinmir nədir”.

İmişli Rayon Mərkəzi Xəstəxanasından zəhərlənən şəxslərin Aranlı və Qızılkənd kəndlərindəki xəstəxanalara yerləşdirildiyi bildirilib, amma dəqiq say haqda məlumat verilməyib:

“Dəqiq say deyə bilmərəm. İki gün əvvəlki hadisə zamanı zəhərlənənlərin isə bir qisminin Mərkəzi Xəstəxanada, stasionar şəraitdə müalicəsi davam etdirilir. Başqa xəstələrimiz də var. Ona görə də, həkim və tibb bacılarından ibarət briqada yaradıb ora göndərmişik. Baş həkim özü də oradadır”.

İmişli Rayon İcra Hakimiyyəti başçısının Aranlı kəndi üzrə nümayəndəsi Əlihümbət Alıkişiyev isə deyilənləri təkzib edib:

“Belə şey olmayıb. İki gün əvvəl kənddən bir-iki nəfər xəstələnmişdi. Yəqin bunu deyirlər. Həmin şəxslərin də vəziyyəti yaxşıdır”.

Ancaq Aranlı kənd bələdiyyəsinin sədri Nadir Vəliyev pambıq sahəsində çalışanların səhhətində pozulmaların olduğunu qeyd edib və 23-24 nəfərin olduğunu qeyd edib:

“Başgicəllənməsi, ürəkbulanması olanlar vardı. Hamısı gəldilər, kənddəki tibb məntəqəsində müayinə olundular. Kənd məntəqəsində lazımi şərait yaradılıb. Başqa yerdə müalicə olunmalarına gərək olmayıb”.

Buna qədər son iki həftədə Azərbaycandakı pambıq sahələrində dörd dəfə kütləvi zəhərlənmə hadisəsinin qeydə alndığı bildirilir. İyunun 20-də iyirmidən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi.

İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular. Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi. Sonrakı günlərdə də müraciətlər davam edib.

Bu iki hadisədən əvvəl, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi.

Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb. Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.