Zakir Həsənov
Zakir Həsənov

Zakir Həsənov Azərbaycan ordusunun Laçın yolunu nəzarətdə saxladığını bəyan edib

Üzeyir Cəfərov: ''Söhbət Gorus-Laçın yolundan gedir''

“Azərbaycan ordusu Laçına gedən yola nəzarət edir”.

Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasında keçirilən hərbi əməliyyat haqqında danışarkən deyib.

Nazir əməliyyatı çox uğurlu adlandırıb:

“Neytral torpaq anlayışı yoxdur, sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

Hərbi ekspert Üzeyir Cəfərov nazirin dediyini təsdiqləyib:

“Mən Dağlıq Qarabağa səfər zamanı həmin yolu getmişəm, söhbət Gorus-Laçın yolundan gedir. Bilməyənlər Naxçıvan hara, Laçın hara deyə söyləyə bilərlər. Amma Azərbaycan Silahlı Qüvvələri əraziyə nəzarət edir, lazım olsa, işğalçının əlavə qüvvə gətirməsinə əngəllər yarada bilər ki, bu, hərbi baxımdan çox önəmlidir”.

Üzeyr Cəfərov
Üzeyr Cəfərov

Zakir Həsənovun “sahibsiz torpaq yoxdur” ifadəsini izah edən hərbi ekspert bildirib ki, həmin yüksəkliklər 1992-ci ildə işğal olunmuşdu.

“Amma bu dəfə ordumuz ciddi şəkildə güc tətbiq etmədən 11 min hektarlıq ərazini azad ediblər, artıq həmin yerdə səngərlər qazılıb və tam şəkildə nəzarəti həyata keçirirlər”.

Ü.Cəfərov Ermənistanın informasiya mənbələrinin məlumatı təkzib edən xəbərlərini şərh edərkən deyib ki, başqa yanaşma da gözləməməliyik.

“Onlar oranı öz əraziləri hesab edirsə başqa nə isə gözləməyin. Halbuki, may ayında hərbçilərimiz çox ağıllı taktika nətcəsində ərazini azad edib”.

Onun həmkarı Seymur Kazımov da nazir Zakir Həsənovun söylədiklərini təsdiqləyib:

Seymur Kazımov
Seymur Kazımov Fotoqraf: courtesy

“Nazir Gorus-Laçın yolunu nəzərdə tutur. Ona görə Ermənistan saytlarının təkzibini kənara qoyun. Fakt budur ki, ortalıqda videolar var, insanlar kəndə daxil olublar, deməli, ərazidə təhlükə yoxdur”.

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan ordusunun nəzarəti altına keçdiyi bildirilir.

Məlumatı Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti iyunun 8-də yaymışdı.

Ərazi 1992-ci ildən erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Kəndin dağıdıldığı və neytral zonaya çevrildiyi haqda məlumatlar var.

Əlahiddə Ümumqoşun Ordunun məlumatında bildirilir ki, bu il may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.