Arif Alışanov
Arif Alışanov Fotoqraf: Meydan TV

AzTV rəhbərinin bacısı oğluna: Nəyiniz çatmırdı ki, evimi də əlimdən aldınız?

Səriyyə Sadıqova: "Məni hədələyirdilər ki, əmlakları verməsəm, uşaqlarımı həbs etdirəcəklər"

"Nəyiniz çatmırdı ki, mənim evimi də əlimdən aldınız? Mən indi küçələrdə qalmışam, yaşamağa yerim yoxdu. İndi bacım qızının evində qalıram..." - bunlar məhkəmədə AzTV sədri Alışanovun bacısı oğlu Dəyanət Cəfərova deyilib. Söyləyən isə Səlimə Sadıqovadır. O, Arif Alışanovu, onun qızı Nigarı, bacısı oğlu Dəyanət Cəfərovu və sürücüsü Hacı Babayevi öldürməyə cəhddə, onun 5 milyondan artıq dəyərdə əmlakını ələ keçirməkdə ittiham olunan Şücaət Əkbərovun həyat yoldaşıdır.

Rəsmi sənədlərə görə, onlar bir neçə il əvvəl boşanıblar. Alışanovun yaxınları, vəkilləri isə iddia edir ki, onlar əslində, birlikdə olublar, kağız üzərində boşanıblar. Məqsəd isə Alışanovun milyonlarla dəyəri olan əmlaklarını həyat yoldaşının adına keçirib mənimsəmək olub.

Səlimə Sadıqova isə iyunun 13-də məhkəmədə ifadə verərkən təsdiqləyib ki, onlar 2013-cü ildə həqiqətən ayrılıblar. Çünki Şücayət Əkbərov başqa bir qadınla ona xəyanət edib.

Səlimə Sadıqova bildirib ki, onun adına olan əmlaklar Alışanovun və ya bir başqasının deyil, öz puluna alınıb: "Dövlətin verdiyi pay torpaqlarımızı satıb, onları almışdım".

Amma dediyinə görə, Şücayət Əkbərovun həbsindən sonra Arif Alışanovun yaxınları onu hədələyib, təzyiqlə əmlaklarını əlindən alıblar: "Məni zorla "Bandotdelə" apardılar, oradan da Şamaxıya notariusa. Məni uşaqlarımı da Şücayətin yanına - həbsxanaya göndərməklə hədələyirdilər. Qorxdum. Yoxsa mən niyə Camala (AzTV-nin işçisi, özünün dediyinə görə, Arif Alışanovun şəxsi işlərini də görür) etibarnamə verim? Bax, bu Dəyanət Cəfərova da notariusun qarşısında mənə təzyiq edirdi".

Səlimə Sadıqovanın adına olmuş əmlakların bir neçəsi indi Arif Alışanovun bacısı qızı Nilufər və başqa qohumlarının adınadır.

Əmlaklarının əlindən alınması ilə əlaqədar da Səlimə Sadıqova ayrıca məhkəməyə müraciət edib.

Şücayət Əkbərovun həbs səbəbinə gəlincə, Səlimə Sadıqova bildirib: "Cəmilə(qızı) dedi ki, Şücaət hansısa qızın öldürülməsini də görüb, ona görə tutdururlar".

Səlimə Sadıqova onu da bildirib ki, Alışanovun onların əlindən almağa çalışdığı Samuxdakı evləri də onların özlərinindir: "O evin torpağını bizə Alı müəllim (Samuxun icra başçısı Alı Qocayev) vermişdi. Tikintisinə də kömək eləmişdi. Ora iki maşın daş tökdürmüşdü".

Digər şahid Ələkbər Əliyev bildirib ki, Şücaətin evindən tapılan ov tüfəngi ona məxsus olub və tüfəngi ora öz təşəbbüsü ilə qoyub: “Uşaqlara görə silahı evdə saxlamırdım, maşında gəzdirirdim. Sonra Şücaətgilə gedəndə orada qoydum, Şücaət də etiraz etmədi".

O, istintaqda dindirilən zaman qeyd edib ki, ov tüfəngini ondan Şücayət Əkbərov istəyib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

İttihama əsasən, Şücayət Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə Arif Alışanovun təxminən 5 milyon manat pulunu ələ keçirib. Bundan başqa, digər təqsirləndirilənlər Qoçalı Cəbiyev, Zöhrab Şirinov, Aqşin Hüseynov və Müsabi Namazovla AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Şamaxı aşırımında vurub dərəyə aşırmaq istəyiblər. Bu, baş tutmadıqda Alışanovu güllələmək planları olub.

Müsabi Namazov könüllü şəkildə polisə müraciət edərək, Alışanovun öldürülməsi planı haqda xəbər verib. O, məsuliyyətdən azad olunub.

Təqsirləndirilən şəxslər isə ittihamda yazılanları qəbul etmir. Şücayət Əkbərov bildirir ki, Arif Alışanovun özü ilə Şamaxıya gətirdiyi qızlardan birini öldürdüyünü görüb. Ona görə də AzTV sədri onu təcrid etmək istəyir və şərləyir.