Asif Yusiflinin məhkəməsi özündən xəbərsiz keçirilib

Asif Yusifli

Qarabağ qazisinin şikayəti təmin edilməyib

İyunun 13-də Bakı Apelyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusiflinin şikayətinə baxılmalıydı. Şikayət Suraxanı Rayon Məhkəməsinin qərarından verilib. 2017-ci ilin sonunda qanunvericiliyə edilən dəyişikliklər əsasında işinə yenidən baxılmasını istəyən Asif Yusiflinin bu barədə ərizəsini məhkəmə təmin etməyib.

Məhkəmə təyin olunan vaxtda Asif Yusiflinin vəkili, yaxınları, üzvü olduğu pariyanın sədri və başqa şəxslər gəlsələr də, onlara bildirilib ki, hakim Rizvan Səfərov məhkəməni səhər saatlarında keçirib, apelyasiya şikayəti də təmin olunmayıb - Suraxanı Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

AXCP sədri Əli Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə gizli keçirilib. A.Yusiflinin Qarabağ qazisi, özünü yandıraraq intihar edən Zaur Həsənovun ölümü ilə əlaqədar mitinq təyin etdiyinə görə cəzalandırıldığını deyən Ə.Kərimlinin sözlərinə görə, ona qarşı irəli sürülmüş dələduzluq ittihamı saxtadır: "Bu işdə bir adam başqasına 6500 manat pul verib. Pulu alan da deyir, bu işdə Asif Yusiflilik bir iş yoxdur, pulu verən də. Ziyan ödənilib, şikayətçi yoxdur. Amma dörd ildir Qarabağ qazisini həbsxanada saxlayırlar.

Beynəlxalq ictimaiyyəti aldatdılar ki, guya qanunvericilik dəyişəcək, xüsusən iqtisadi cinayətlərlə bağlı qanun yüngülləşdiriləcək, siyasi məhbusların bir qismi bu yolla azadlığa buraxılacaq. Asif Yusifli də ona görə məhkəməyə müraciət edib ki, onun ittiham olunduğu maddələrin sanksiyası aşağı düşüb. Onun da cəzası azalmalıdır. Amma eləmirlər. Bu gün apelyasiya məhkəməsi həmin qanunsuzluğu davam etdirdi".

AXCP sədrinin sözlərinə görə, bu, həm də hökumətin Qarabağ uğrunda döyüşənlərə, sağlamlığını itirənlərə olan münasibətinin göstəricisidir:

"Nazir olarkən aylıq 400 min manat "paket" aldığı rəsmən təsdiqlənmiş biri bu gün Elmlər Akademiyasında müşavir işləyir. Qarabağda can qoymuş adam isə saxta ittihamla həbsxanada əziyyət çəkir. Biz fəxr edirik ki, bu milətin Asif Yusifli kimi övladı var. O, "uf" demədən haqq etmədiyi cəzanı çəkir. O, özünü hazırlayıb ki, "erməni əsirliyindədir". Ölkə bu cür insanların çiynində dayanıb. Zamanında Asif Yusiflilər, Babək Həsənovlar, Saleh Rüstəmlilər, Məhəmməd Məcidlilər bu ölkəni qorudular, bu gün də mübarizələrini davam etdirirlər".

A.Yusifli 2014-cü il noyabrın 25-də həbs olunub. O, CM-nin 178 (dələduzluq) və 320-xi (sənədlərin saxtalaşdırılması) maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan yuxarı məhkəmə instansiyaları cəzanı 5 ilə endirib.

Asif Yusifli ittihamı qəbul etmir, siyasi mövqeyinə görə sifarişlə həbs olunduğunu bildirir.