2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq

Milli Məclis

İyunun sonunda parlamentin növbədənkənar iclasında ''2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında'' qanun layihəsinə baxılacaq

Neftin baza qiyməti, ARDNF-dən transfertlər, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinidən daxilolmalar üzrə proqnoz, SOCAR-ın nizamnamə kapitalı və “Azerenerji”yə ayrılmalar artırılır.

Milli Məclisin iyun ayının sonunda keçirləcək növbədənkənar iclasında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.

Yeni büdcədə gəlirlər 22 mlrd. 110 mln. manat, xərclər isə 23 mlrd. 61 mln. manat nəzərdə tutulub.

Dəyişikliyə əsasən, 2018-ci ilin dövlət büdcəsində gəlirləri gözlənilən ümumi daxili məhsulun 29,6%-ni təşkil etməklə 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 983 mln. manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 593,3 mln. manat və ya 33,9% çoxdur.

Yenidən baxılma ilə xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.

Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ÜDM-in 30,9 faizinə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz-bənd, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz-bənd çoxdur.

Yeni dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi artırılır. ARDNF-dən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 10 mlrd. 966 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 750 mln. manat və 19% çoxdur.

Yenidən baxılmanı zəruri edən səbəblər

“2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində büdcəyə yenidən baxılmasına zəmin yaradan səbəblər də açıqlanıb. Layihədə bildirlir ki, “Büdcə sistemi haqqında” qanunun 23,2-ci və 23,3-cü maddələrinə əsasən, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi (Pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsinin maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatı), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azerenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin, ölkədə turizmin inkişafı, yol infrastrukturlarının tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi, bəzi infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi və digər zəruri dövlət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlavə maliyyə təminatının formalaşdırılması üçün ehtiyac yaranıb.

“Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaitin 2018-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi imkan xaricindədir. Beləliklə, dövlət və ictimai büdcədən gəlir və xərclərin tarazlaşdırılması və əlavə xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb” – deyə layihədə bildirlr.

2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyədə proqnozlaşdırılır. Bu rəqəm isə cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,3%-nə bərabər olacaq. Kəsirin yuxarıda qeyd olunan artımı dövlət büdcəsinin 2018-ci il yanvarın 1-nə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək.

Yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mln. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır.

Neftin baza qiyməti 55 dollara qaldırılır

2018-ci ilin yeni dövlət büdcəsində neftin baza qiyməti də artırılır. Dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

socar
socar

Bunun müqabilində cari ilin sonunadək ARDNF-ə əlavə olaraq gözlənilən 5 mlrd. 600 mln. manat daxilolmaların 1 mlrd. 750 mln. manatının dövlət büdcəsinə transfert edilməsi, gömrük inzibatçılığının gücləndirilməsi və digər islahat tədbirlərinin keçirilməsi hesabına Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozunun 725 mln. manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin 35 mln. manat artırılması, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 31 mln. manat istifadə olunması nəzərdə tutulur.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinidən daxilolmalar üzrə proqnoz artırılır

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 380 mln. manat təşkil edəcək ki, bu da 2017-ciilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 mln. manat və ya 5,8% çoxdur.

Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Layihədə əsasən, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 mlrd. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 mln. manat və ya 3,7%, 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 27 mln. manat və ya 17% azdır.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 mlrd. 155 mln. manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 mln. manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 546,2 mln. manat və ya 20,9% çoxdur.

Gömrük keçid məntəqəsi
Gömrük keçid məntəqəsi Fotoqraf: AzadlıqRadiosu

2018-ci ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə proqnoza qarşı daxilolmalar 36,9%, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çox, o, cümlədən əlavə dəyər vergisi üzrə daxilolmalar müvafiq olaraq 34,8% və 38,2%, gömrük rüsumları üzrə daxilolmalar isə 60,1% və 25,9% çox icra olunub. Eyni zamanda, cari ilin yanvar-aprel aylarında ölkə üzrə idxalın həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,9% çox olub. Qeyd olunan artımlar Dövlət Gömrük Komitəsi üzrə dövlət büdcəsinə daxilolmaların yenidən hesablanmasını zəruri edib.

SOCAR-ın nizamnamə kapitalı və “Azerenerji”yə ayrılmalar artırılır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalı artırılır. Layihəyə əsasən, SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat subsidiya olmaqla cəmi 963,2 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.

SOCAR
SOCAR

2016-cı ilin dekabrın 31-nə olan məlumata görə, SOCAR-ın nizamnamə kapitalı 1 mlrd. 802 mln. manat təşkil edib. Bununla da SOCAR 2018-ci ilin dövlət büdcəsindən “Azerenerji” ASC-yə 81,4 mln. manat vəsait ödəniləcək.

“Səngəçal” modul tipli elektrik stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385 kilovatlıq istilik elektrik stansiyası üçün avadanlıqların satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın “Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun ödənilməsi ilə əlaqədar “Azerenerji” ASC-nin nizamnamə kapitalının artırılması üçün 81,4 mln. manat vəsait yönəldiləcək.