Uşaqlarla kobud davranmada şübhəli bilinən tərbiyəçi saxlanılıb

Firuzə Tağıyeva
Firuzə Tağıyeva.

Ona qarşı əzab vermə maddəsi ilə cinayət işi açılıb

İyunun 11-də Yasamal rayonu ərazisində yerləşən "Kids Studio"-da uşaqlarla kobud davranan müəllimə Firuzə Tağıyeva saxlanılıb.

Məlumatı APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.

Bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Real tv-nin məlumatına görə, “Kids Studio Uşaq Mərkəzi” adlı bağça lisenziyasız fəaliyyət göstərib.

İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyevin sözlərinə görə, 2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi ASAN Xidmət vasitəsi ilə verməyə başlayıb.

“Bu müddət ərzində, həmin baxçaya lisenziya verməyib. Nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır”.

Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər bir neçə gündür media və sosial şəbəkələrin müzakirəsinə səbəb olub, eyni zamanda Milli Məclisdə də gündəmə gətirilib.