Sel Zaqatala və Balakəndə 50-dən çox evə ziyan vurub

Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb

İyunun 11-də Zaqatala və Balakən rayonlarına yağan leysan yağışları nəticəsində Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb.

Nəticədə çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb, 10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.

Məlumatı APA yayıb.

Balakən rayonun yerli sakini Oruc Padar Meydan TV-yə deyib ki, daha çox ziyan Qazbinə və Katex kəndlərinə dəyib, kəndləri su basıb, yerli təsərrüfatlara ziyan ciddi dəyib. Eyni zamanda, Dəliçayın üzərindəki 8 kiçik körpü uçub, elektrik və qaz xətlərinə ziyan dəyib.

Amma rayonun mərkəzində elektrik kəsilməyib.