Luna yaxtası
Luna yaxtası

Yaxtasını xanımına verməyən Fərhad Əhmədov şəriət məhkəməsinə üz tutub

“O, “Luna”nı Tatyanaya verməkdənsə, Dubayın istisində çürüməsini üstün tutar”

“The Nyu-York Times” əslən azərbaycanlı olan Rusiya vətəndaşı Fərhad Əhmədovdan yazıb. Yazı rusiyalı oliqarxla keçmiş arvadı arasında olan mülk davasından bəhs edir. Meydan TV həmin məqaləni tərcümə edib:

Bir spa otağı, bir üzgüçülük hovuzu, iki vertodromu və 18 qonaq üçün nəzərdə tutulan otağı olan “Luna” yaxtadan daha çox üzən lüks villaya oxşayır. 50 nəfərlik heyət doqquz göyərtəni olduğu kimi saxlayır. Xilasetmə qayıqlarının hər biri 4 milyon dollar dəyərindədir.

Ancaq indi “Luna” hərəkət etmir. O, mülk uğrunda mübahisəyə səbəb olan Böyük Britaniyanın ən bahalı boşanmasının həyata keçirildiyi Dubayda quruda dayanıb.

2016-cı ilin dekabrında Ali Məhkəmə hakimi qərar verib ki, 90-cı illərdən bəri İngiltərədə evi olan rusiyalı milyarder Fərhad Əhmədov bunun ekvivalenti olaraq keçmiş arvadı Tatyana Əhmədovaya 646 milyon dollar ödəməlidir. O,10 əvvəl Rusiyada boşandıqlarını irəli sürərək bundan imtina edib. Bununla razılaşmayan və qərarı icra edə bilməyən hakim apreldə cənab Əhmədovdan təxminən 500 milyon dollar dəyərində olan yaxtasını keçmiş həyat yoldaşına verməsini tələb edib. O vaxtdan bəri gəmi təmir üçün gətirildiyi Dubayda hökumət tərəfindən ələ keçirilib.

On ildən artıqdır ki, rus oliqarxları ailələrini və xalis sərvətlərinin bir qismini İngiltərədə saxlayırlar. Bir müqavilədə qeyd olunub: “Oliqarxlar Putin dövründəki Rusiyanın acınacaqlı reallıqlarından cənnətə gəldi və Böyük Britaniyaya zəngin insanların axını oldu”.

İndi bəzi oliqarxlar burada həyatın özündə təhlükələrin olduğunu öyrənirlər. Bu, hətta cənab Əhmədov kimi heç vaxt İngiltərə vətəndaşı olmayan qeyri-rezidentlərə də aiddir. İngilis vergi yığanlarını pulundan uzaq tutmağa çalışan Əhmədov İngiltərədə qaldığı gün sayını ildə maksimum 180 günlə məhdudlaşdırıb (Son günlərdə bu rəqəm 90 günə qədər azaldılıb).

O, yanvar ayında Tramp administrasiyası tərəfindən nəşr olunan, Rusiyada biznes və siyasi elitanın inventarı sayılan "Putin siyahısı"na daxil edilib. Yeddi oliqarxa - baxmayaraq ki, cənab Əhmədov bura daxil deyil - ABŞ-da bizneslə məşğul olmalarına əngəl törədən sanksiya tətbiq olundu.

Yüksək səviyyəli əyləncəli gəzintilərin əsas mərkəzi olan “Luna” həmişə narahatlıq duyan bir adam üçün hazırlanıb. Onun raketlərin aşkar edilməsi sistemi, anti-dron sistemi, güllə keçirməyən pəncərələri və bombaya qarşı dözümlü qapıları var.

Hüquqşünaslardan və mühasiblərdən ibarət komandasının böyük səylərinə baxmayaraq, bu xüsusiyyətlərin heç biri Fərhad Əhmədovu Britaniya ədliyyə sistemindən qoruya bilməyib. Yaxın Şərqə gəlməmişdən öncə gəmi dəniz mili ölçülməmiş olsa da, böyük səyahətdə olub.

Əvvəlcə Dubayda yaxtanın ələ keçirilməsi cənab Əhmədovun uğursuzluğu kimi görünürdü. Bundan sonra texniki olaraq “Luna”nın sahibi olan ailənin etibarı üçün Əhmədov və vəkilləri yaxtanın taleyi barədə İslam qanunlarından istifadə edən Dubaydakı yerli məhkəməyə üz tutdu. Onlar şəriət qanunları ilə qərar vermənin daha doğru olduğunu düşünürlər.

Fərhad Əhmədov və Tatiana Əhmədova
Fərhad Əhmədov və Tatiana Əhmədova

Hüquq ekspertləri hesablayıblar ki, cənab Əhmədovun üstünlükləri şəriət məhkəməsində daha çoxdur. Xüsusilə də, onun keçmiş həyat yoldaşının nikahda sədaqətsizlik edən bir xristian olduğunu nəzərə alsaq. Son vaxtlarda ingilis jurnallarındakı məqalalərdə Cənab Əhmədovun müsəlman olduğu vurğulanıb.
Bu xanım Əhmədovaya bir xəbərdarlıqdır. Son vaxtlarda ictimaiyyətlə əlaqələr şöbəsinin ofisində baş tutan ilk müsahibəsində xanım Əhmədova heç vaxt keçmiş ərinin səccadə üzərində diz çökdüyünü və ya turistik yerlərdən başqa bir yerdə məscidə getdiyini görmədiyini deyib.

"Göründüyü kimi, o, Azərbaycanda doğulduğu üçün müsəlmandır" – o, gözlərini inamsızlıqla zilləyərək söylədi.

Xəfif rus aksenti ilə danışan işıqlı qadın Əhmədova cırıq cins şalvar, üzərində "kəpənək kimi azad" yazılan köynək geyinmişdi və bir neçə qolbağı taxmışdı. O, boşanma haqqında ictimaiyyətə danışmaq istəmədiyini söylədi. Çünki Böyük Britaniyada yayımlanan və hər iki tərəfi sədaqətsizlikdə ittiham edən media xəbərləri də daxil olmaqla, bu mövzudakı hər şey ağrılıdır. O, həmçinin cənab Əhmədovun 1.4 milyard dollarlıq sərvətindən bir qəpik verməmək üçün apardığı kampaniyaya təəccüblənir. Əhmədov bu sərvəti daha çox Sibirin “Northgas” adlı enerji şirkətindəki payını sataraq qazanıb. Məşhur fərziyyələrə zidd olaraq, xanım Əhmədova pula ehtiyacı olduğunu söylədi. O, hüquqi işlərin maliyyələşdirilməsinə kömək edən və işin sonunda nəticəyə görə faiz alan məhkəmə maliyyə şirkəti “Burford Capital” tərəfindən ona verilmiş birdəfəlik pul hesabına yaşayır.

"Qurban rolunu oynamaq istəmirəm, çünki bu, mənim təbiətimdə yoxdur. Amma özümü müdafiə etməliyəm", – o dedi. Xanım Əhmədova hər zaman məhkəmədən səssiz çıxmaq istədiyini bildirdi.

O, 1989-cu ildə hələ 17 yaşında ikən Moskvada görüşdüyünü dediyi keçmiş əri ilə birlikdə keçirdiyi illərdən sevərək danışır. Həyat yoldaşının yaşı onun yaşından təxminən iki dəfə çoxdur.

"O, kostyum geyinmişdi",- xanım Əhmədova deyir - "O, məni əsl centlmen kimi cəlb etdi”.

Cütlük 1993-cü ildə evlənərək Londona köçüb. Cənab Əhmədov London Fond Birjasına dəri satan xəz biznesinə başlayıb. Daha sonra təbii qaz sektoruna qayıdıb və 2012-ci ildə “Northgas” şirkətindəki 1.4 milyard dollarlıq dəyəri olduğu bildirilən 49% səhmini satıb.

İllər ərzində, o, Fransanın cənubunda bağ evi, iki vertolyot, retro maşınlar, Rotko, Varhol və başqaları tərəfindən hazırlanmış incəsənət nümunələri və Londonun kənarında yerləşən lüks mahalda 26 milyon dollarlıq ev satın alıb.

"Biz Aeroflotdan Britaniya Hava Yollarına uçuşlar həyata keçirdik", - deyə xanım Əhmədova bildirir. Daha sonra onlar özlərinin 50 milyon dollarlıq xüsusi təyyarələri ilə uçublar.

Əhmədovun sərvət topladığı illərdə cütlüyün günləri müntəzəm olaraq münaqişələr və barışıqla keçirmiş. O, 2013-cü ildə boşanma üçün ikinci dəfə ərizə verdiyini söyləyir. İlk ərizəni isə on il ondan əvvəl keçmiş ərinin məşuqələrindən biri uşaq dünyaya gətirəndə ləğv etdiyini deyir.

Boşanma işinə nəzarət edən hakimin dediyinə görə, cənab Əhmədov eyni ildə həyat yoldaşı üçün 500 min dollardan çox dəyəri olan zərgərlik əşyaları alıb, onun tətil xərclərini ödəyib və özünün şəxsi vertolyotundan və kredit kartlarından istifadə etməsinə imkan yaradıb.

2014-cü ildə cənab Əhmədov oliqarx dostu Roman Abramoviçdən “Luna”nı satın alıb. Zəngin investorlara verilən viza növü aradan qaldırıldığı üçün cənab Abramoviçin son zamanlarda İngiltərədə çətinlikləri var idi.

"Belə bir gəmini düzəltmək üçün dörd il lazım olacaqdı", - satış işinin təşkil edilməsinə yardım edən xanım Əhmədova bildirir: "Düşündük ki, niyə dostumuzdan soruşmuruq. Onun iki gəmisi var idi. Fikirləşdik ki, ondan birini soruşaq".

O, təəssüflənir ki, ərinin davranışlarında vəd etdiyi dəyişikliklər olmayıb və bu, onu yenidən boşanmağa vadar edib.

2003-cü ildə cənab Əhmədov üç il ondan əvvəl Moskva məhkəməsində boşandığını göstərmək üçün sənədlər hazırlamışdı. Fərhad Əhmədovun mətbuat katibinin sözlərinə görə, nikah yalnız yeddi il yarım davam edib və xanım Əhmədova xəyanət etdiyinə görə ləğv edilib.

"Müştərim boşanmış valideynlərin uşaqları kimi ən yaxşı ailə həyatını yaşamaları üçün bəzən uşaqları və keçmiş həyat yoldaşı ilə birlikdə ailəvi tətillərə gedib” - bu barədə onun mətbuat katibi İon Monk elektron poçt vasitəsilə deyib.

Bu hekayələrdə xanım Əhmədova 2012-ci ildə milyard dollarlıq qazanc əldə edən keçmiş ərinə hücum edən opportunist kimi təqdim edilir.

“Mənim müştərim “Northgas”-ın satışından gəlir əldə etdikdən sonrakı bir neçə gün ərzində Tatyana İngilis boşanma məhkəməsinə üz tutdu”, – İon Monk yazır: “Müştərim dedi ki, bu, ikinci boşanmadır”.

Bu məqamı vurğulamaq üçün cənab Əhmədov Britaniyadakı boşanma məhkəməsində iştirak etməkdən imtina edib. 2015-ci ilin noyabrında başlayan məhkəmə proseslərinə nə gedib, nə də vəkil göndərib. O, mətbuata açıqlama verib ki, Britaniya və Rusiya arasındakı gərginlik ədalətli məhkəmə aparılmasının qarşısını ala bilər. O, bu işi siyasi iş kimi və İngiltərənin vəziyyəti yaxşı olan rusların səhmlərini ələ keçirmək cəhdi kimi qiymətləndirib.

Hakim Çarlz Haddon Keyv müxtəlif nəticələrə gəlib. O, 2000-ci ildə Rusiyadakı boşanma sənədlərinin "saxta" olduğuna qərar verib. Xanım Əhmədovanın ifadəsinə inanaraq, o, 2013-cü ilə qədər cütlüyün "sözün əsl mənasında evli qaldığı” nəticəsinə gəlib.

Məhkəmənin başlamasından iki gün əvvəl, 2016-cı ilin noyabr ayında Əhmədovun vəkilləri və mühasibləri “Luna”nın idarəsini ələ aldı. Daha sonra isə gəminin idarəçiliyini cənab Əhmədov və onun müttəfiqləri tərəfindən idarə olunan Man adası, Panama və Linxşteyndəki şirkətlərə ötürdü.

Bir neçə aydan sonra “Luna” təmir üçün Dubaya gətirildikdə ingilis dilində fəaliyyət göstərən və ingilis ümumi hüququndan istifadə edən Dubay Beynəlxalq Maliyyə Mərkəzi Məhkəmələri gəmini ələ keçirib.

Cənab Əhmədovun vəkilləri o gündən etibarən Dubaydakı Ortaq Məhkəmə Tribunalına apelyasiya şikayəti verdi və onlara icazə verildi ki, hansı məhkəmənin bu hüquqi prosesləri aparacağına özləri qərar versinlər.

Cənab Əhmədov nikahla bağlı münaqişə yaşadığını və bu barədə yerli şəriət məhkəməsi tərəfindən qərar verilməli olduğunu deyib. Onun mətbuat katibi boşanmanı yenidən nəzərdən keçirmək istəmədiyini söyləyib. O, sadəcə istəyir ki, İngiltərə göstəriş versin ki, yaxtanın mülkiyyət hüququ baradə Dubayda qərar verilə bilməz.

Məhkəmənin nə qərar verəcəyini təxmin etmək nisbətən asan deyil, çünki o, bir çox qərar qəbul edilib. Bir şey aydındır ki, xanım Əhmədova qalib gələrsə, o, alıcı axtaracaq və yaxtanı satacaq. Eyni şəkildə aydın olur ki, cənab Əhmədov bu işi qazanana və ya gəmi çürüyənə qədər məhkəməyə müraciət edəcək.

"O, “Luna”nı Tatyanaya verməkdənsə, Dubayın istisində çürüməsini üstün tutar" – Cənab Monk deyib.