Siyasi mühacir barəsində cinayət işi açılıb

Rəsul Mürsəlov

Rəsul Mürsəlovun şirkəti ''ortaya çıxıb''

Mühacirətdə olan siyasi fəal Rəsul Mürsəlova yenidən cinayət işi açılıb. Bu barədə Meydan TV-yə onun özü məlumat verib.

Rəsul Mürsəlovun sözlərinə görə, 4 ildir Azərbaycanda deyil, ondan əvvəl də 2 il həbsdə olub. Ümumilikdə son 6 ildə Azərbaycanda iş fəaliyyətinin olmamasına baxmayaraq, mayın 17-də ünvanlarına gələn məktubda göstərilir ki, "Mers- Servis" MMC-nin rəhbəri kimi 2823,36 manat vergidən yayınıb.

Rəsul Mürsəlov deyir ki, heç vaxt sahibkarlıqla məşğul olmayıb, hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata düşməyib.
"Hesab edirəm ki, bu, birbaşa siyasi fəaliyyətimlə bağlıdır. Hakimiyyət mühacirətdəki siyasi fəalları İnterpol vasitəsilə ölkəyə gətirmək üçün vergidən yayınma maddəsindən sui-istifadə edir. Ancaq bu kimi addımlar məni heç bir halda siyasi fəaliyyətimdən çəkindirmir", - Rəsul Mürsəlov vurğulayıb.

Vergilər Nazirliyinin reyestr məlumatlarından görünür ki, "Mers- Servis" MMC 2009-cu ildə Bakı şəhəri, Əlibəyov qardaşları, ev 75, mənzil 43-də qeydiyyatdan keçib. Həmin üvanda 148 şirkətin qeydiyyatdan keçdiyi məlum olub. Rəsul Mürsəlovun adına olan ikinci şirkət “MRM” Məhdud Məsuliyyətli Cəmiyyət də öz ünvanını daha 38 şirkətlə bölüşür.

Rəsul Mürsəlov həmin ünvanları tanımadığını, şirkətlərdən xəbərsiz olduğunu deyir. İndiyədək ona bu şirkətlərlə bağlı hər hansı xəbərdarlığın, sənədin gəlmədiyini də bildirir.

Bəs vətəndaşın imzası olmadan necə şirkət yaratmaq mümkündür? Niyə Vergilər Nazirliyindən indiyədək vətəndaşa hər hansı xəbərdarlıq məktubu gəlməyib?

Nazirlikdən bu suallara cavab almaq mümkün olmayıb.

Rəsul Mürsəlov 2012-ci ildə siyasi səbəblərdən həbs edilib. Beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıb. O, 2014-cü ildə azadlığa çıxdıqdan sonra barəsində yenidən cinayət işi açılıb və ölkəni məcburi tərk edib. Təzyiqlər nəticəsində ailəsi ondan imtina edib.