Bu gün I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanıdır (yenilənib)

İmtahan

Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir

***

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahan başa çatıb.

Dövlət imtahan Mərkəzinin yaydığı məlumata əsasən, ölkənin 11 şəhərində baş tutan imtahanlar sakit keçib.

Mərkəz bildirib ki, dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıb. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Günün sonunda “Space” telekanalında canlı yayımlanacaq “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in internet saytında və Facebook səhifəsində də yerləşdiriləcək.

Mayın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

***

Mayın 20-də, bazar günü 2018/2019-cu tədris il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahan keçirilir. 

İmtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazın 62 binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Prosesin idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda qeyd olunub ki, imtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 30356 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) məzunudur. Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV qrup üzrə 3530 nəfər). 26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162, Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739, Lənkəranda 1983, Xaçmazda isə 1496 abituriyentin imtahan verəcəyi gözlənilir.

Bildirlir ki, ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir.

Mayın 13-də 2018/2019-cu tədris il üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə imtahanı keçirilmişdi.