Uşaq təşkilatındakı ərzaqları kimlər və hara daşıyıb?

Kəmalə Ağazadə

Kəmalə Ağazadənin məhkəməsi davam etdirilib

Mayın 17-də Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin məhkəməsi keçirilib. CM-nin 178 (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham olunan təşkilat sədrinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılır.

İstintaq və məhkəmə dövründə polis nəzarətində olan K.Ağazadə haqqında ittiham aktına əsasən, o, təşkilatının həyata keçirdiyi layihələrdə iştirak edən şəxslərdən pul alıb. Onlara bildirib ki, həmin pullar layihənin müddətinin uzadılması məqsədilə Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinə vermək üçün alınır. Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və müalicənin gücləndirilməsi vasitəsilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmməlləşdirilməsi” adlı layihədən söhbət gedir.

Pul alındığı iddia olunan şəxslər zərərçəkmiş qismində tanınıblar.

Məhkəmədə prokuror ittiham aktını elan edib, təşkilat rəhbəri özünü təqsirli bilmədiyini deyib. Onun sözlərinə görə, zərərçəkmişlərin ifadələri yalan-böhtandır.

Zərərçəkmiş Həcər Kəngərli bildirib ki, K.Ağazadə layihəni uzatmaq üçün Səhiyyə Nazirliyinə vermək adıyla ondan 3600 manat pul alıb. Bugünə qədər pul qaytarılmayıb, onunla barışıq üçün heç bir təklif də irəli sürülməyib.

Təqsirləndirilən QHT sədrinin vəkili Aqil Layıcov isə söyləyib ki, əksinə, Həcər Kəngərliyə barışıq və 3600 manat pulun ödənilməsi təklif edilib. Ancaq o, bunu qəbul etməyib.

Məhkəmədə Həcər Kəngərli təşkilat rəhbərini həm də dünyaya gəlməmiş övladının tələf olmasında günahlandırıb:

“Danışanda Kəmalə xanım deyir ki, insan alverinə qarşı mübarizə aparır. Onun günahı üzündən mənim övladım abort yoluyla tələf edilib. Günahkar da, səbəbkar da odur”.

K.Ağazadə bu ittihamın yalan və absurd olduğunu bildirib.

Digər zərərçəkmiş Mahirə Sadıqova deyib ki, K.Ağazadənin rəhbərlik etdiyi təşkilatda əvvəlcə sosial işçi, daha sonra isə psixoloq kimi fəaliyyət göstərib.

Dediyinə görə, təşkilat rəhbəri ondan 2100 manat alıb: 

“Çalışdığımız layihə daha bir neçə ay uzadılmalı idi”.

M.Sadıqova ona dəymiş zərərin ödənildiyini, təşkilatda maaş almadan könüllü şəkildə işlədiklərini söyləyib. Etiraf edib ki, bəzi hallarda təşkilatdakı uşaqlara göndərilən ərzaqlardan evə aparıblar. Onun sözlərinə görə, bunu K.Ağazadə özü təklif edib:

“Bunun yükü indi də mənim çiynimdədir”.

K.Ağazadə isə M.Sadıqovanın yalan danışdığını, onunla yanaşı həyat yoldaşı Dadaş Əhmədovun da bu təşkilatda çalışdığını, onların ərzaqları apardıqlarını biləndən sonra o adamları təşkilatdan uzaqlaşdırdığını qeyd edib.

Proses mayın 24-də davam edəcək.

Kəmalə Ağazadə ona qarşı irəli sürülən 7800 manatlıq dələduzluq və rüşvət ittihamına aydınlıq gətirib. O, “aznews.az” saytına deyib ki, bütün bu ittihamları qardaşının keçmiş həyat yoldaşı Həcər Kəngərli ondan qisas almaq məqsədilə irəli sürür:

“3 ildir ki, bu mübarizədəyəm. Biri var mübarizən yadlarla olsun, biri də var evinin içi ilə. Adam bilmir hansı addımı atsın, hansı qərarda dayansın. Toydan sonra qardaşım mənə dedi ki, bəs, Kamalə, Həcər evdə darıxır. Bəlkə ona da yanında bir iş verəsən, başı qatılsın. Mən də onu qırmadım. Dedim gəlsin baxaram. Doğrudan da, işinin öhdəsindən yaxşı gəlirdi. Savadlı bir kadr idi. Bir müddətdən sonra Həcərlə qardaşım arasında problem yarandı. Ailə məsələsidir deyə, biz qarışmadıq. 2015-ci ildə onunla qardaşımın yolları ayrıldı. Ondan sonra Həcər işdən də ayrıldı. Amma gedərkən məni də hədələdi. Dedi: “Qardaşının mənə 5 min borcu var. Ya onu, ya da mənə evindən pay verəcəksən”.

Qlobal Fondun ''Zərərin azaldılması proqramı'' layihəsində Həcərlə birlikdə 9 əməkdaş çalışırdı. Həmin layihə 2015-ci ilin avqustunda rəsmi olaraq bağlandı. Amma əməkdaşlar könüllü olaraq həmin layihədə çalışdılar. O arada layihənin əməkdaşlarının maaşları gecikirdi. Hətta o aralarda 8 aya yaxın maaş ala bilmədilər. Amma mən borc alıb onların hamısının əmək haqqını verirdim. Həcər bilirdi ki, mən həmin pulu işçilərə Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyində işləyən dostumdan alıb verirəm. Həcər bunu mənim əleyhimə istifadə etməyə başladı. Guya bu pullar rüşvətdir”.

Kəmalə Ağazadənin sözlərinə görə, gəlinləri layihənin iki əməkdaşını dilə tutub öz tərəfinə çəkib:

“Deyib ki, "Kəmalə bizim adımızdan 1 milyona yaxın pul mənimsəyib”. Ancaq hər bir əməkdaşın VÖEN-i və bank hesabı var. Bu baxımdan kiminsə yerinə imza atıb onun əmək haqqını mənimsəmək mümkün deyil.

Bundan əlavə, həmin layihə ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatından da, Qlobal Fond "Zərərin Azaldılması Proqramı” da yoxlama aparıb. Niyə yoxlama zamanı bu faktlar aşkarlanmayıb? Niyə əməkdaşların biri belə yeyinti ilə bağlı həmin yoxlamaya heç nə deməyib? Həcər 3 il ərzində barəmdə yazmadığı şər-böhtan qalmadı, daha haralara yazmadı, kimlərin qapısını döymədi... Qalaq-qalaq şikayət ərizələri yazıb ayrı-ayrı dövlət qurumlarına göndərib.

Dəfələrlə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə şikayət ərizəsi yazıb. Sonra 2016-cı ildə Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə guya mən və ailə üzvlərim onun anasını və bacısına hədə-qorxu gəlməyimiz barədə şikayət göndərmişdi. Hamısı da əsassız. 2016-cı ilin aprel ayının 26-da təşkilatın işçisi Xətamət Binyətovanı Məlahət Abbasovanın evində yazılan səsyazmalarla hədələyib. Buna görə Xətamət Binyətova DİN-ə və Azərbaycan Uşaqları İctimai Birliyinə şikayət ərizəsi göndərib və DİN İAQMBİ-də araşdırma aparıldıqdan sonra H.Kəngərliyə təhdidlərinə son qoyması barədə xəbərdarlıq edildi. Təşkilatın əməkdaşları Vasif Akifli və Fariz Əsgərovu da hədələyib və onlar da DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər.

Şikayətlər yoxlanıldıqdan sonra Həcər Kəngərli və Məlahət Abbasova qurumun 14 iyul 2016-cı il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinə müvafiq olaraq tutduqları vəzifələrdən kənarlaşdırılıb. Rüşvətxor, dələduz olsaydım, Həcərin istədiyini verərdim. Amma bilirdim ki, bunun arxasında bir qisas var və bu qisası Həcər qardaşımdan deyil, məndən alır. Onun bu çirkin oyunlarına alət olmadım. Çalışdığım müəssisənin nüfuzuna xələlə gətirməmək üçün 2016-cı ilin martında İnsan Alveri Qurbanları üçün Sığınacağın direktoru vəzifəsindən azad olundum. Oradan ayrılsam da, bu gün qurumun bütün tədbirlərində yaxından iştirak edirəm. Həcərin şantaj əməlləri bununla bitmir. O, sığınacaqda qalmış Nuranə Məmmədova adlı bir qadını da şantaj edib. Qadının uşaqlarının aliment sənədlərini əlindən alıb ki, mənə qarşı istədiyi şikayət ərizəsini yazdırsın. Qadın sonradan həmin ərizəni Həcərin şantajı əsasında yazdığını etiraf etdi”.

Birlik sədri bu qədər şantaj-böhtana baxmayaraq, Həcər Kəngərliyə qarşı qarşılıqlı iddia qaldırmamasının səbəbini də açıqlayıb:

“Bu, mənim ailə məsələm idi. İstəmirsən ki, ailə məsələn cəmiyyətə çıxsın. Yəni belə olan zaman məsələ bir az da dərinləşir. Fikirləşdim ki, ailə üzvü olub, necə olmasa, zamanla sakitləşər. Onun mənə etdiyi haqsızlıqlardan usandım. Həcər anlamadı ki, sədri olduğum birlik elə-belə bu yerə çatmayıb, böyük zəhmət qoymuşam. Burada 36 uşaq var və onların 24-ü rəsmən mənim qəyyumluğumdadır. Mən heç yerdən maliyyə almıram. Amma uşaqlara görə dövlət vəsait verməlidir, mənsə o puldan imtina etdim. Hazırda əməkdaşlarım Beynəlxalq Miqrasiya Xidmətinin "Məişət zorakılığı və İnsan Alveri Qurbanlarının Reinteqrasiyası" adlı layihədən maaş alır. O da başa çatdıqdan sonra hərə bir tərəfə dağılacaq. Burada bir mən qalacam, bir də nəzarətçi. Nə yaxşı ki, Azərbaycanda yaxşı və imkanlı şəxslər var. Biz onların gücü ilə ayaqdayıq”.