Abbas Hüseynovun anası: Kameraya girib ''Quran''ı cırıblar

Rəhimə Hüseynova

Məhbus anası prezidentə müraciət etdi

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun anası Rəhimə Hüseynova prezidentə müraciət edib. Nardaran məhbusunun anası oğluna qarşı təzyiqlərə son qoyulmasını, onun təhlükəsizliyinə təminat verilməsini istəyir.

Rəhimə Hüseynova hesab edir ki, Qobustandakı qapalı həbsxanada saxlanılan oğluna qarşı plan hazırlanır və onu həyata keçirmək üçün Abbası təxribata çəkməyə çalışırlar. Anasının sözlərinə görə, həbsxananın əməkdaşları son günlər Abbas Hüseynovun saxlandığı kameraya gəlib, heç bir əsas olmadan onu təhqir edirlər. Bu barədə ailə üzvlərinə Abbas özü mayın 17-də telefonla danışarkən məlumat verib:

“Elə təhqir edirlər ki, Abbas dözməyib cavab versin, bunlar da istifadə edib, məkrli planlarını gerçəkləşdirsinlər. Giriblər kameraya, Qurani-Kərimi cırıblar. Bu, nə deməkdir? Belə Allahsızlıq olar? Aşkar görünür ki, təhqirlərlə, inancına toxunmaqla Abbası özündən çıxarmaq niyyəti güdürlər”.

Övladının həyatının təhlükə altında olduğunu deyən Rəhimə Hüseynova bunun qarşısının alınması üçün prezidentdən kömək istəyir. Həmçinin xatırladır ki, övladının başına gələ biləcəklərə görə prezident də məsuliyyət daşıyır:

“Çünki həbsxana əməkdaşlarının cırdıqları Qurani-Kərimə prezident əl basıb. And içib ki, öz vətəndaşlarına xidmət edəcək, onların müdafiəsi, rifahı üçün çalışacaq”.

Bir neçə gün öncə Abbas Hüseynov ailə üzvləri ilə telefon danışığında həbsxanada işgəncələrə məruz qaldığını, üç gün “karsda” əlləri qandallı vəziyyətdə saxlandığını, gündüzlər həbsxananın həyətində onu dəmir dirəyə bağladıqlarını bildirmişdi. Penitensiar Xidmət isə işgəncə iddialarını təkzib edir.

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Nardaranda keçirdiyi, altı nəfərin ölümünə səbəb olmuş əməliyyat zamanı həbs olunub. O, ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə birlikdə dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama, dövlətin konstitusion quruluşunu dəyişmə kimi ittihamlarla məhkəmə önünə çıxarılıb. Onlar ittihamları rədd edib, yazılanların hamısının saxta olduğunu bildiriblər. 

O, dövlət çevrilişinə cəhd, silah-sursat saxlama və digər ağır ittihamlarla 20 il azadlıqdan məhrum edilib.

Abbas Hüseynov ittihamları rədd edir və onların saxta olduğunu bildirir.

T.Bağırzadə, A.Hüseynov və digərləri həbs olunarkən və ondan sonra işgəncələrə məruz qaldıqlarını deyirlər.

A.Hüseynovun bundan əvvəl də Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə məlumatlar yayılıb. Hətta vəkili Yalçın İmanov ona işgəncə verilməsi haqda mediaya açıqlamasına görə Vəkillər Kollegiyasından kənarlaşdırılıb.