Milli Məclis
Milli Məclis

Parlamentdə intihar edən abituriyentlər, boşananlar və "18+" informasiya müzakirələri

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Bununla bağlı yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihə barədə məlumat verən komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, parlament layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək, çünki bu qanun tam işlək hala gətirilməlidir.

Müzakirələr zamanı deputatlar mövzu ətrafında çıxış ediblər. Komitə sədri Aqiyə Naxçıvanlı son vaxtlar boşananların sayının artığını deyib. O qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq lazımdır. Komitə sədrinin sözlərinə görə, ictimai qınaq olmadığı üşün insanlar rahatlıqda boşanırlar, ailə dağılır."Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər".

A.Naxçıvanlı əlavə edib ki, ailələrdə dözümlülük yoxdur. O, bu məsələdə təhsilin də rolu olduğunu vurğulayıb: "Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürüb saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyib. İndi bəs nə baş verir?”

Uşaqlara zorakılıq edənlərə ölüm cəzası verilməlidir

Komitə sədri uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün tədbir görülməsinin vacibliyini vurğulayıb. “Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik. Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmir? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.

Azərbaycanda Ana Günü təsis edilsin

Deputat Ağacan Abiyev Azərbaycanda “Ana günü”nün təsis edilməsini təklif edib. O vurğulayıb ki, hər şey anaya olan hörmətdən başlayır:

"Ona görə də belə bir gün təsis edilməlidir".

Komitə sədri Aqiyə Naxçıvanlı isə deyib ki, ziyalı ailələrdə belə günlər qeyd olunur:

“Uşaqlar harada olursa, olsun, xüsusi günlərdə valideynlərin başına toplaşırlar. Bu ənənə var:

“Ana günü”nün təsis edilməsi təklifi də maraqlıdır”.

"Hansısa fakultəyə daxil olmasan, dilənçi olacaqsan"- deməklə uşaqları yükləyirlər"

Deputat Tahir Rzayev isə son vaxtlar aşağı nəticə gösərən abituriyentlərin xoşagəlməz addımlara meyl etməsi ilə bağlı problemə toxunub:

“Valideynlər uşaqlara “sən oxumasan, vəziyyətin pis olacaq”, “hüquq fakultəsinə və ya hansısa fakultəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakultəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər".

O qeyd edib ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır:

“Azərbaycanda “Peşə təhsili haqqında” qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir. Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz... Burada televiziyaların da rolu var. Onlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır”.

Komitə sədri Aqiyə Naxçıvanlı da T.Rzayevin fikirlərini dəstəkləyib.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

İnformasiyalar yaş qruplarına görə məhdudlaşacaq

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində uşaqlar üçün zərərli informasiya dedikdə, zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu və pornoqrafik xarakterli informasiyalar nəzərdə tutulur.

Yaş qrupuna münasibətdə uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyayalar isə zorakılığı və qəddarlığı nümayiş edən, qeyri-məişət leksik (jarqon) məzmunlu, qorxu məzmunlu, erotik məzmunlu informasiyalardır.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.

Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Bundan başqa, qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı əksini tapıb.

Təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:

1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur;
2. “6 yaşadək” altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir;
3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
6. “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.

Belə ki, teleradio yayımı vasitəsilə yayımlanan “Universal”, “6-”, “6+”, və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, aşağıdakı informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur:

Bundan başqa, dövriyyəsi məhdudlaşdırılan informasiyalar “16+” yaş kateqoriyasına aid informasiya məhsulları – yerli vaxtla saat 7-dən saat 21-dək, erotik məzmunlu informasiyaları isə "18+” və “16+” yaş kateqoriyalarına aid – yerli vaxtla saat 6-dan saat 23-dək yayılmasına məhdidiyyət qoyulur.

“18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.