TƏBİİ FƏLAKƏT: ''Evlərimizi su basıb, mal-qaranı sel aparıb''

“Mal-qaranı sel aparıb, evləri su basıb. Bu gecəni hara sığınacağıq, bilmirik”.

Bunu Meydan TV-yə Zaqatalanın Yolayrıc kəndinin sakinləri deyir. Onların sözlərinə, mayın 11-dən 12-nə keçən gecə aramsız yağış nəticəsində kənddən keçən çay daşıb və çayın yaxınlığındakı yaşayış yerlərini su basıb, mal-qaranı, toyuq-cücəni sel aparıb. Eyni vaxtda əsən güclü külək vəziyyəti daha da ağırlaşdırıb. Evlərin dam örtükləri, hasarlar, həyətlərdəki tövlələr və başqa təsərrüfat tipli otaqlar dağılıb.

“Körpü dağılıb”

Kənd sakini Elşən Süleymanov:

“Tala çayında suyun səviyyəsi qalxdı, vurdu kəndə... Tək bizim kənddə deyil, Höytalada körpü yerli-dibli dağılıb”. 

Sakinlər deyir, elektrik dirəkləri aşdığından, naqillər qırılıb yollara düşdüyündən, digər tərəfdən, kəndləri sel basdığından elektrik enerjisinin verilişi dayandırılıb:

“Zülmətdə qalmışıq. Özümüz də dizdən yuxarı suyun içindəyik. Həyat dayanıb burda...”

Yolayrıc sakinləri gecələməyə yer axtarırlar. Onların deməsinə görə, rayonun Fövqəladə Hallar Komissiyasının kəndə gələn üzvləri yaxın ərazilərdə müvəqqəti çadır quracaqlarını desələr də, çadırlar qurulmayıb. Kəndlilərsə evlərdən suların çəkilməsi üçün müəyyən vaxtadək müvəqqəti yaşamağa yerlərinin olmadığını bildirirlər.

 

Vaxtında bəndatma işləri görülsəydi...

Kənddəki əkin sahələrinə, heyvandarlığa, quşçuluq təsərrüfatına, bostanlara xeyli zərər dəyib. Kənd sakinləri bildirirlər ki, vaxtında çayın kənarında bəndatma işləri görülsəydi, indi belə durum yaranmazdı.

Zaqatala rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, rayonun Fövqəladə Hallar Komissiyası ilə icra hakimiyyətinin nümayəndələrindən ibarət qrup yaradılıb. Təbii fəlakətin vurduğu zərərlər qeydə alınır. Tezliklə fəsadlar aradan qaldırılacaq.

İsmayıllıda da...

Təbii fəlakət İsmayıllıda da bir neçə kəndə zərər vurub. Eyni səbəb üzündən rayonun bir neçə kəndində daşqanlar baş verib, evləri və təsərrüfat sahələrini su basıb. Kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Rayonun icra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, 2 gün ərzində fəsadlar aradan qaldırılacaq.