Avropa Məhkəməsi ''Lotu Quli''nin qardaşı barədə qərar verdi

Nadir Səlifov

Müşfiq Səlifov şikayətinin araşdırılmasını istəməyib

Avropa Məhkəməsi aprelin 12-də kriminal aləmdə “Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı Müşfiq Səlifovun şikayəti üzrə qərar verib. Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.

Məlumata görə, M.Səlifov bir neçə il əvvəl Avropa Məhkəməsinə şikayət edərək, Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin 1 və 3-cü bəndlərinin pozulduğunu bildirib. Ərizədə yazılıb ki, məhkəmə ədalətli keçirilməyib, onun əleyhinə ifadə vermiş şəxslər dindirilməyib və s.

M.Səlifovun şikayəti əsasında 2016-cı ildə kommunikasiya başlayıb, Avropa Məhkəməsindən Azərbaycan hökumətinə sorğu göndərilib. Hökumətin cavabı münasibət bildirməsi üçün şikayətçiyə göndəriləndə, o, imtina edib. Məktub yazaraq bildirib ki, bu işin aparılmasında artıq maraqlı deyil. M.Səlifovun istəyi ilə aprelin 12-də onun işinin siyahıdan çıxarılması haqda qərar qəbul olunub.

M.Səlifov 2005-ci ildə tutulub və 12 il cəza alıb. O, qardaşı N.Səlifovun yanına müxtəlif cəzaçəkmə müəssisələrinə qadınların zorla aparılmasında ittiham olunurdu. “Lotu Quli”nin özünə də həmin qadınlara görə zorlama ittihamı verilmişdi. Ümumilikdə 8 qadından söhbət gedirdi ki, onların arasında tanınmışlar, gözəllik müsabiqələrinin qalibləri də vardı.

Səlifov qardaşları ittihamın tamamilə saxta olduğunu bildirirdi.

M.Səlifovun apelyasiya şikayəti əsasında onu cəzası 7 ilə endirilib.