Seçki 2018
Seçki 2018 Fotoqraf: AZIZ KARIMOV

Müsavat Partiyası seçkinin nəticələrini tanımır

D18 Hərəkatı isə seçkiləri legitim hesab etmir

Müsavat Partiyası növbədənkənar prezident seçkisinin nəticələrini tanımır.

Aprelin 12-də Müsavat Partiyasının Mərkəzi Qərargahında keçirilən mətbuat konfransında partiyanın mövqeyi açıqlanıb. Müsavat Partiyası hesab edir ki, 2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar prezident seçkiləri azad və ədalətli olmayıb, xalqın iradəsini ifadə etməyib.

Seçkilər azad və ədalətli olmayıb

Partiyanın rəyində həmçinin vətəndaşların sərbəst toplaşmaq hüququnun ləğv olunması, müxalifət partiyalarının, ictimai təşkilatların yürüşlər, mitinqlər, piketlər keçirmək üçün müraciətləri qeyri-qanuni olaraq rədd edilməsi məsələsinə toxunulub. Bildirilir ki, mitinqlərin keçirilməsi üçün Bakı şəhərində yalnız bir yer – yarımqapalı şəkildə olan “Məhsul” stadionunda icazə verilir.

“Müstəqil mətbuat sıradan çıxarılıb. İndi Azərbaycanda müstəqil və müxalifət qəzetləri yoxdur. Ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları tamamilə hakimiyyətin nəzarəti altındadır. Hakimiyyət müxalifyönlü saytları belə bloklamaqda davam edir. “Meydan TV”, azadlıq.info, azadlıq.org, azerbaycansaati.com, abzas.net və “Turan TV” məhkəmənin qərarı ilə Azərbaycanda yayılmasına qadağa qoyulub. Müsavat Partiyasına informasiya dəstəyi verən bastainfo.com saytının rəhbərləri tez-tez polis və prokurorluğun təzyiqləri ilə üzləşir. Sayt, demək olar ki, hər gün haker hücumlarına məruz qalır.

Azərbaycanda fəaliyyət göstərən siyasi və ictimai təşkilatların, eyni zamanda, beynəlxalq qurumların ardıcıl və uzunmüddətli səylərinə baxmayaraq, ölkədə siyasi məhbus problemi həll edilməyib” – partiyanın rəyində bildirilir. Həmçinin deyilir ki, ölkədə 150-dək siyasi məhbus var. Onların bir çoxu “Amnesty İnternational” təşkilatı tərəfindən vicdan məhbusu elan olunub.

“Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri yerinə yetirilməyib. Seçki komissiyalarının formalaşması, seçkilərin və səsvermənin təşkili, səslərin sayılması prinsipinin, şikayətlərə baxılması prosedurunun təkmilləşdirilməsi həyata keçirilməyib, seçki komissiyalarındakı vəzifələrin və müşahidənin təşkili ilə bağlı olan qüsurlar yerli siyasi və ictimai təşkilatların, o cümlədən beynəlxalq qurumların təkidlərinə baxmayaraq aradan qaldırılmayıb. Bunun nəticəsində MSK-a da daxil olmaqla, bütün seçki komissiyaları faktiki olaraq həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında olaraq qalıb” – rəydə bildirilir.
Partiya hesab edib ki, 2018-ci il 11 aprel tarixində keçirilən növbədənkənar prezidenti seçkiləri azad və ədalətli olmayıb. Növbədənkənar Prezident seçkilərinin nəticələri xalqın azad iradəsini ifadə etməyib.

“Bu seçkilər son illərdə ölkəmizdə keçirilən (prezident, parlament, bələdiyyə, referendum) seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu qurumların müəyyən etdiyi beynəlxalq standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib.

Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb.

İlham Əliyevin beynəlxalq hüquq normalarına və qanunlara zidd olaraq qəfil təyin olunan növbədənkənar seçkilər vasitəsilə dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsi seçkilərin legitimliyini əvvəlcədən şübhə altına düşməsinə səbəb olub”- partiyanın mövqeyində qeyd olunur.

Seçki Azərbaycan xalqının iradəsini əks etdirmir

D18 Hərəkatı da seçki ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, D18 Hərəkatının və müstəqil müşahidəçilərin apardığı müşahidələr göstərir ki, hakimiyyət bu dəfə də Seçki Məcəlləsinin və beynəlxalq hüquqların tələblərinə zidd olaraq inzibati resurslardan İlham Əliyevin xeyrinə istifadə edib.

“Hərəkat üzvləri seçkiləri müşahidə edərkən, aşağıdakı saxtakarlıqları müəyyən ediblər:

- Müşahidəçilərin seçicilərin şəxsiyyət vəsiqəsinə baxıb, onların ünvanlarını müəyyən etməsinə imkan verilməyib.
- Seçki komissiyalarının əksəriyyətində seçki bülletenlərinin nömrə yazılmış yuxarı sol küncünün qabaqcadan kəsilmiş halda olduğu aşkarlanıb.
- Müşahidə kameralarından da aydın görünür ki, Seçki Məcəlləsinə zidd olaraq seçicilər qutuya eyni vaxtda topa bülletenlər salırlar.
- Bir seçicinin bir neçə seçicinin yerinə səs verdiyi hallar müşahidə edilib.
- Məntəqə seçki komissiyası üzvləri tərəfindən eyni adamlara təkrar-təkrar seçki bülletenləri verilib və onların səsverməsinə şərait yaradılıb.
- Seçki məntəqələrində media nümayəndələrinə təzyiq edilib.
- Bir çox məntəqələrdə müşahidəçilərin seçki saxtakarlığını müəyyən edib çəkiliş aparılmasının qarşısı alınıb.

Bütün bunları nəzərə alaraq, hesab edirik ki, 11 aprel seçkiləri beynəlxalq standartlara cavab verməyib və kütləvi pozuntularla yadda qalıb. Bu seçkilərlə hakimiyyət növbəti dəfə ölkəmizdə Cümhuriyyət dəyərlərini məhv edərək antidemokratik bir sistem qurduğunu göstərdi. Ona görə də biz, D18 Hərəkatı olaraq, bəyan edirik ki, 11 aprel prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə etmir və qeyri-legitimdir”.