Vladimir Putin səs verərkən
Vladimir Putin səs verərkən

Tramp ''Putini təbrik etmə!'' məsləhətinə qulaq asmayıb

Telefon danışığında kəşfiyyatçının zəhərlənməsi məsələsinə toxunulmayıb

ABŞ prezidenti Donalt Tramp rusiyalı həmkarı Vladimir Putini prezident seçilməsi münasibətilə təbrik edib.

“Washington Post” yazır ki, Tramp, milli təhlükəsizlik müşavirlərinin təqdim etdiyi məsləhət sənədində yazılmış "DO NOT CONGURATULATE", yəni "təbrik etmə" xəbərdarlığına məhəl qoymayıb.

O, Ukrayna və Suriyada artan silahlanma yarışının qarşısını almağı müzakirə etmək üçün görüşəcəklərini və bunun uzaq gələcəkdə olmayacağını bildirib.

Donald Tramp ABŞ və Rusiya arasındakı silahlanma yarışının nəzarətdən çıxdığını, "lakin biz bir daha heç kəsə bizim sahib olduqlarımıza yaxın şeylərə sahib olmağa icazə verməyəcəyik"- deyib.

Telefon danışığı zamanı Tramp Qərblə Moskva arasında gərginliyə səbəb olan sabiq kəşfiyyatçı Sergey Skripal və onun qızı Yuliyanın Britaniyada zəhərlənməsi məsələsinə toxunmayıb (Tərcümə: BBC-Azərbaycanca).

Vladimir Putin böyük fərqlə, 76%-dən çox səslə dördüncü dəfə 6 il müddətinə prezident seçilib.

Əsas müxalifət lideri Aleksey Navalni seçkilərə buraxılmayıb. Avropalı müşahidəçilər seçkilərin effektiv aparıldığını, lakin həqiqi seçimin olmadığını bildirib.

Kreml ABŞ və Rusiya prezidentlərinin telefon danışığını "konstruktiv və işgüzar" adlandırıb və Rusiyanın iki millət arasında olan problemlərin öhdəsindən gəlinəcəyinə ümid etdiyini bildirib.

Putini təbrik edənlər arasında Tramp tək deyil. Rəsmi Kreml deyir ki, Türkiyə prezidenti R.T.Ərdoğan, Fransa prezidenti E.Makron, Çin prezidenti Si Szinpinq, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Şinzo Abe təbrik edib.

Həmçinin Almaniya kansleri Angela Merkel, Şimali Koreya lideri Kim Yonq Un və Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıblar.

İlham Əliyev isə seçkilərdən sonra Putini telefonla zəng edərək təbrik etmişdi.