Azərbaycan Kommunist Partiyası İlham Əliyevi dəstəkləyəcək

Azərbaycan Kommunist Partiyası

AKP plenum keçirib

Azərbaycan Kommunist Partiyası (AKP) aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülmüş hazırkı prezident İlham Əliyevi dəstəkləyəcəklər.

Bu qərar Kommunist Partiyası Mərkəzi Komitəsinin martın 7-də keçirilən növbəti plenumunda verilib. Partiyanın yaydığı məlumatda deyilir ki, plenumda növbədənkənar prezident seçkilərində Azərbaycan Kommunist Partiyasının iştirakı məsələsi müzakirə olunub. Qərara alınıb ki, partiya prezident seçkilərində iştirak etsin. Seçkinin gedişini izləmək üçün MSK, dairə və məntəqə seçki komissiyalarında AKP tərəfindən müşahidəçi qismində iştirak edəcək şəxslərin siyahısı təsdiq edilib.

Daha sonra plenumda Azərbaycan kommunistlərinin prezidentliyə namizədlərdən hansına dəstək olacağı məsələsi müzakirə olunub və Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyinə dəstək olmaq barədə qərar qəbul edilib.

Bundan əvvəl Ana Vətən və Sosial Rifah partiyaları da İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər.