Abid Şərifov
Abid Şərifov

Abid Şərifov: Bayıl yamacında sürüşmə yavaş-yavaş davam edir

''Nazirlər Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib''

Baş nazirin müavini Abid Şərifov Bayıl yamacındakı sürüşmə zonasında 4 evin uçduğunu, 2 evin də yaxın günlərdə uşacağını bildirib.

Abid Şərifov sürüşmə zonasından 97 ailənin köçürüldüyünü bildirib.

O, bu barədə APA-ya danışıb.

Abid Şərifov Nazirlər Kabinetinin Ehtiyat Fondundan bu sakinlərə kirayə pulu ayrıldığını söyləyib:

“Nazirlər Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib. Həmin uçan 4 evdə 25 nəfər insan yaşayırdı”.

Hökumətin sürüşmə zonasındakı evlərlə bağlı yekun qərarına gəlincə, baş nazirin müavini bildirib ki, hələlik layihə işləri gedir:

“Görək sürüşmə prosesi dayanacaqmı, sürüşmə prosesinin qarşısı necə alına bilər? Hələlik bir dəyişiklik yoxdur. Amma sürüşmə də yavaş-yavaş davam edir. Hələlik başqa heç nə demək mümkün deyil. Sürüşmə zonasındakı evlər də mühafizə olunur. İndidən 97 evin hamısının sökülüb-sökülməyəcəyi, sakinlərin hamısının köçürülüb-köçürülməyəcəyi ilə bağlı heç nə demək olmaz. Həm də 97 evi köçürmək xırda bir məsələ deyil axı...”

Bayıl yamacında sürüşmə noyabrdan başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov mətbuata deyib ki, Bayıl yamacının 6,9 hektar ərazisində sürüşmə gedir. Bu ərazidə olan 106 evin hamısına təhlükə var. 

Fevralın 10-da Bakı şəhəri, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb.