''İcra hakimiyyətləri qanunsuz hərəkətlərini bələdiyyələrin əli ilə həyata keçirir''

Qüdrət Həsənquliyev foto google.az

Milli Məclisdə bələdiyyələr tənqid edildi

“Bələdiyyələr nəinki vətəndaşların hüquqlarının qorunmasında heç bir rol oynamırlar, bir çox halda yerli icra hakimiyyəti orqanları həmin qanunsuz hərəkətləri məhz bələdiyyələrin əli ilə həyata keçirirlər. Görürük ki, kiminsə əmlakını məhz bələdiyyələr sökdürür”.

Bunu fevralın 13-də parlamentdə bələdiyyələrin illik fəaliyyəti ilə bağlı müzakirə aparılarkən deputat Qüdrət Həsənquliyev deyib:

“Məsələn, mənə şəxsi kabineti olan bir diş həkimi müraciət edib. Əmlakın ona məxsus olması barədə əlində çıxarışı, Səhiyyə Nazirliyindən lisenziyası var. Amma şəhər icra hakimiyyəti bunun əmlakını dağıdır, bələdiyyə də onun hüququnu qorumur. Bələdiyyələr bu məsələlərdə vətəndaşlaırn hüquqlarının qorunması baxımından ciddi işlər görməlidir. Yoxsa ancaq camaatdan “sənin əmlakın var, gəl mənə vergi ver” prinsipi ilə hərəkət etmək olmaz”.

Deputat bir çox bələdiyyənin vətəndaşları aldatdığını, qanunsuz əməllərə yol verdiyini də deyib:

“Cənab prezident kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı xüsusi dövlət agentliyi yaradıb. Amma bələdiyyələr sahibkarlığa kömək etmək əvəzinə, bir çox halda yerli icra hakimiyyətləri ilə birlikdə əslində sahibkarların maraqlarına toxunurlar. 2017-ci ildə keçirilmiş tədbirlər sırasında qeyd olunur ki, insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu barədə seminar keçirilib. Görəsən o seminarda nədən danışılıb, söhbət hansı hüquqların qorunmasından gedir? Şəhər icra hakimiyyətləri gedirlər həmin bələdiyyələrin ərazisindəki fəaliyyət göstərən sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, pulu ödəyəcəklərinə söz verirlər. Amma aylar keçir, həmin sahikarların pulu verilmir. Bələdiyyələr sahibkarların hüquqlarınını qorunması, bələdiyyələrin ərazilərində baş verən qanun pozuntuları, vətəndaşların hüquqlarının digər mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları tərəfindən pozulması ilə bağlı hansısa tədbirlər görürlərmi? Bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldırırlarmı? Axı Ədliyyə Nazirliyinin kifayət qədər nüfuzu var, ədliyyə naziri həm də Məhkəmə-Hüquq Şurasının sədridir. Bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynaya bilər. Amma çox təəssüflər olsun ki, biz bu istiqamətdə addımlar görmürük” – deyə deputat bildirib.

Deputat Elmira Axundova bildirib ki, 2017-ci il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan vətəndaş müraciət və şikayətlərinin sayında artım var:

“Amma əsaslandırılmış cavab verilən müraciətlərin sayında isə azalma gedir, eyni zamanda təmin edilmiş müraciətlərin də sayı azalıb. Buradan elə çıxır ki, vətəndaşların haqlı olduğu hallar çoxalmaqdadır, buna görə sual yaranır, əsaslandırılmış cavab verilməyən vətandaşların müraciəti nə üçün təmin edilməyib və nə üçün mübahisəli məsələlər daha da artıb?”

Qənirə Paşayeva
Qənirə Paşayeva.

Deputat Qənirə Paşayeva da deyib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlərin sayının azalmaması təəssüf doğurur. O qeyd edib ki, vətəndaşların müraciətlərinə daha çevik baxılması mexanizmlərini müəyyən etmək lazımdır.