Bundan sonra Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödənəcək

Elmira Axundova foto Milli Məclis

Elmira Axundova: “Bu məsələyə görə kimsə məsuliyyətə cəlb olunmalıdır”

“Yaxşı haldır ki, müvafiq icra hakimiyyəti orqanı qaz təchizatına nəzarət edilməsi üçün yeni qurum yaradır. Çünki bu istiqamətdə son zamanlar, xüsusilə də qış aylarında çoxsaylı mübahisə doğuran və problemli məqamlar ortaya çıxmaqdadır.

Binaların və mənzillərin qazlaşdırılması zamanı texniki təhlükəsizlik və istismar qaydalarına əməl olunmasına, qazpaylayıcıların, qaz qurğularının yararlı və ya yararsız olub-olmamasına nəzarət edilməsi daha da gücləndirilməlidir”.

Bunu Milli Məcisin iclasnda deputatı Elmira Axundova bildirib.

İclasda "Energetika haqqında" qanuna dəyişiklik müzakirə olunaraq təsdiqlənib. Dəyişikliyə əsasən, enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma - Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcəklər. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.

Bundan başqa, "Qaz təchizatı haqqında", "Elektroenergetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunlara eyni məzmunda dəyişiklik edilib.

Elmira Axundova bu dəyişikiyi dəstəkləyib. O qeyd edib ki, məsuliyyətsizlik nəticəsində neçə-neçə ailələr, insanlar əziyyət çəkir, evlərini və ya həyatlarını itirirlər:

“Belə bədbəxt hadisələr hətta yeni inşa edilmiş binalarda da baş verir. Buna misal olaraq qaz sızması nəticəsində “28 may” metrostansiyası ilə üzbəüz, Dəmiryol vağzalı meydanında yerləşən yeni tikilidə baş verən partlayışı göstərmək olar. Bu zaman bir insan həyatını itirib, binaya böyük maddi ziyan dəyib, ailələr hələ də evlərinə qayıda bilmir. Axı kimsə bu məsələyə görə məsuliyyətə cəlb olunmalıdır, bizdə isə adətən belə hallarda müqəssirləri tapmaq çox çətindir, hamı bir-birinin üstünə atır”.

Deputat əlavə edib ki, qaz çəkilişi zamanı müvafiq qaydalara əməl etməyən şəxslər, sakinlərin özü və ya çəkilişin müvafiq qaydalara uyğunluğu barəsində rəy verən qurum məsuliyyət daşımalı, əgər hər hansısa nöqsan və ya qayda pozuntusu ucbatından bədbəxt hadisə baş verərsə, onda həmin qurum, ya da bu qaydalara əməl etməyən vətəndaş cinayət məsuliyyətinə cəlb olunmalı, cərimə verməli və daha ciddi cəzalar almalıdırlar”.

Prezident İlham Əliyev ötən il dekabrın 22-də “Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirəcək.