Komitə sədri ilə spiker arasında narazılıq yaranıb

Arif Rəhimzadə Fotoqraf: apa

Arif Rəhimzadə: Əgər ehtiyac görmürsünüzsə, ümumiyyətlə, çıxış etməyim

Fevralı 13-də Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsindən sonra Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ilə spiker arasında narazlıq yaranıb.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov illik məruzəni təqdim etdikdən sonra müzakirə başlayıb.

Deputat Elmira Axundovanın çıxışının ardınca, Oqtay Əsədov siyahıda sual üçün yazılan Arif Rəhimzadəyə müraciətlə “Arif müəllim, sualınız var, buyurun” - deyib.

“Ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsi Regional məsələlər komitəsində müzakirə edilib, buna görə də məruzədən sonra komitədəki müzakirələrlə bağlı məlumat verməli idim. Ancaq mənə söz verilmədi. Əgər ehtiyac görmürsünüzsə, ümimiyyətlə, çıxış etməyim” – deyən komitə sədri sualı olmadığını, bu iradını bildirmək üçün çıxışa yazıldığını bildirib.

Spiker Oqtay Əsədov isə “Bunu irad şəkilində bildirməyə ehtiyac yoxdur, siz komitə sədri kimi istədiyiniz vaxt müzakirələrdə iştirak edə bilərsiniz”- deməklə ona etirazını bildirib.

Nazirinin müavini Vilayət Zahirov məruzəsində bələdiyyələrin fəaliyyəti ilə bağlı geniş məlumat verib, statistik rəqəmləri səsləndirib. O, həmçinin bələdiyyələrin fəaliyyətində olan neqativ hallara da toxunub:

“24 qanunsuz fakta hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı bələdiyyələrində, Zərdab rayonununda və başqa bələdiyyələrdə aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb. 2017-ci ildə bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub”.

O qeyd edib ki, bu rəqəm 2016-cı illə müqayisədə 7 dəfə azdır.