Müstəntiq: Rəhim Rəhimov özü gəlib təhvil oldu

Rəhim Rəhimov

Şəhid qızını öldürməkdə günahlandırılan yeniyetmənin məhkəməsi oldu

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid Elton Əkbərovun qızının ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə həmin cinayət işinin istintaqını aparan müstəntiq Vüqar Abbasov ifadə verib.

Vüqar Abbasov hazırda Bakı şəhər Baş Polis İdarəsinin sərəncamındadır. O, hadisə yerinə gedən zaman Rəhim Rəhimovu orada görmədiyini deyib:

"Əmrulla adında bir nəfər gəlib maşını idarə etdiyini dedi. Lakin ona bir neçə sual verən zaman yalan danışdığını bildim. Sonradan hadisənin Rəhim tərəfindən törədildiyi məlum oldu və barəsində axtarış elan edildi. Onun axtarışa verilməsini prokuror istəmişdi, R.Rəhimov özü gəlib təhvil oldu. Əvvəlcə etiraf etmədi, sonradan boynuna aldı".

Növbəti iclas fevralın20-də keçiriləcək.

Hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb.

1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokee” markalı, ağ rəngli, “90 FO 007” nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.

R.Rəhimovun atası Akif Rəhimov "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri, əmisi Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.