Ümid Partiyası prezident seçkisində iştirak etməyəcək

İqbal Ağazadə: ''Qərarın boykot kimi dəyərləndirilməsinin əleyhinəyəm''

Ümid Partiyasının Ali Məclisi 11 aprel prezident seçkisində iştirak etməmək haqda qərarı qəbul edib.

Bu barədə Meydan TV-yə danışan partiyanın sədri İqbal Ağazadə qərarı boykot kimi dəyərləndiməyin əleyhinədir:

“Biz sadəcə seçkidə iştirak etmirik, seçki ilə bağlı konstitusion hüquqa da girə bilmərik. O cümlədən, seçkidə iştirak edənləri xain, etməyənləri də qəhrəman hesab etmirik. Nizamnamə tələblərinə görə prosedurları gerçəkləşdirməyə zamanımız olmadı, eyni zamanda, təşkilat olaraq seçkidə iştirakı məqbil saymadıq”.

İqbal Ağazadə 11 aprel seçkilərindən çox böyük gözləntisinin olmadığını bildirdi:

“Daha çox seçkidən sonra ölkədə nə baş verəcəyi və xaricdən daxilə hansı xətlərin istiqamətlənəcəyi məni düşündürür. Çünki seçkinin gözlənilmədən irəli çəkilməsi indiyə qədər hakimiyyətin və müstəqil institutların əsaslandırmaları ilə eyni deyil. Bundan əlavə, prezident ötən il “Sputnik” televiziyasına seçkinin vaxtının dəyişilməyəcəyini və yaxud Davosda mətbuata verdiyi açıqlamada daxildən təhlükə gözləmədiyini, xarici təhlükələrin olduğunu deyirsə, deməli, ölkəyə hər hansı real təhlükənin olduğu göz önündədir. Seçkinin tarixinin dəyişdirilməsinin əsas istiqamətlərini bununla dəyərləndirmək lazımdır. Bu məsələdə məsuliyyət yalnız iqtidarın deyil. Seçkidən sonra müxalifətin hansı mövqe tutacağı, iqtidarın hansı münasibəti sərgiləyəcəyi haqda da hər iki tərəfə müraciət etdik”.

Ümid Partiyası 1993-cü ildə təsis edilib və həmin il də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri Əbülfət Əhmədov olub. Partiya 2002-ci ilin dekabrında Vətəndaş Birliyi Partiyası ilə birləşib və III (I) Qurultayda İqbal Ağazadə sədr seçilib.

İqbal Ağazadə 2005-ci ildə 35 saylı Xətai üçüncü seçki dairəsindən Milli Məclisə mandat qazanıb. O, 2008 və 2013-cü il prezident seçkilərində iştirak edib.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək. Bu barədə prezident İlham Əliyev fevralın 5-də sərəncam imzalayıb.