İlham Əliyevlə Tural Abbaslının sənədləri MSK-ya təqdim edilib

Tural Abbaslı və İlham Əliyev

MSK Ağ Partiya başqanı ilə bağlı qərarını gələn həftə açıqlayacaq

Ölkə başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

Bu barədə APA-ya Yeni Azərbaycan Partiyasından (YAP) məlumat verilib.

Hakim partiya olan YAP fevralın 8-də qurultay keçirərək partiya sədri, eyni zamanda ölkə başısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etmişdi.

Ağ Partiyanın başqanı Tural Abbaslı da aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün sənədlərini MSK-ya təqdim edib.

“Report” yazır ki, MSK T.Abbaslının namizədliyinin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarını növbəti həftə açıqlayacaq.

İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. MSK növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib.