Əfqan Muxtarlının bacısı və bacısı, qardaşı uşaqları evdə ölü tapılıb

Nurana Mukhtarly and her children

Hadisənin dəm qazından baş verdiyi ehtimal edilir

Jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşı uşağı mənzildə ölü tapılıb. Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Nuranə Sabir qızı Muxtarlı və onun bir azyaşlı övladı, o cümlədən qardaşı Ramazanın azyaşlı qızının meyitləri aşkar edilib.

Hadisə barədə Meydan TV-yə Əfqan Muxtarlının qardaşı Elşən Muxtarlı məlumat verib. Onun sözlərinə görə, meyitlər dekabrın 31-də saat 14 radələrində aşkarlanıb:

“Qaz sobası işlədirdilər. Gecə yanılı qoyub yatıblar. Bərk külək olub, qazı söndürüb, xəbərləri olmayıb. Qaz da dolub evə”.

Elşən Muxtarlı deyib ki, hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.
E. Muxtarlı bildirib ki, hazırda meyitlər tibbi müayinə olunmaq üçün Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.

Hadisə barədə Əfqan Muxtarlıya məlumat verilib. "Bastainfo" saytının baş redaktoru Mustafa Hacıbəylinin sözlərinə görə, Əfqan Muxtarlı onunla əlaqə saxlayıb: "Əfqan Muxtarlı zəng etmişdi. Çox üzülüb. Dedi: "Vəkillərim Penitensiar Xidmətə müraciət etsinlər, dəfnə gəlib çatım".

Vəkil Elçin Sadıqov Əfqan Muxtarlının dəfndə iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət edib. Vəkil Meydan TV-yə deyib ki, hazırda Penitensiar Xidmətə gedirəm və hələlik dəfndə iştirakına icazə verilməyib.

Oturum izni ilə Gürcüstanda yaşayan Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.