Məktəb direktorunun intihara cəhd etdiyi deyilir

foto APA

Hadisədə Göyçay rayon İcra Hakimiyyəti başçısının adı hallanır

Göyçay rayonunun 9 saylı orta məktəbinin direktoru Akif Qəribovun intihara cəhd etdiyi bildirilir. 

APA yazır ki, o, dekabrın 21-də çalışdığı məktəbin həyətində şah damarını kəsib. Hadisədən xəbər tutan yaxınları onu dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıblar. O, əməliyyat edilib, hazırda durumu ağırdır. 

Xəbərə görə, A.Qəribovun intihar səbəbi ondan kiminsə böyük miqdarda rüşvət tələb etməsi olub. Məktəb direktoru buna etiraz olaraq, intihara əl atıb. 

Başqa bir mənbədə isə bildirilir ki, Akif Qəribovdan rüşvəti Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə istəyib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Göyçay Rayon Xəstəxanasından Meydan TV-yə Akif Qəribovun orada olduğunu təsdiqləyiblər:

“Biz səhər növbəsiyik, yenicə gəlmişik. Gələndə də eşitdik ki, gecəyarı Akif müəllimi xəstəxanaya gətiriblər. Onu əməliyyat ediblər. Ümid edirik ki, yaxşı olacaq. Allah köməyi olsun”. 

Göyçay Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən isə hadisə ilə bağlı məlumatlarının olmadığını deyiblər:

“Məncə, belə bir olay varsa, icra hakimiyyətinin də mövqeyini verməlisiniz. İcra başçısının köməkçisinə zəng edin, biz bilmirik”. 

İcra başçısının köməkçisi isə məlumat vermək səlahiyyətinin olmadığını söylədi:

“Sizi mənə kim yönləndirib, bilmirəm. Ancaq məlumat verə bilmərəm. Ümumiyyətlə, heç nədən xəbərim yoxdur”. 

Rayonun Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Müzəffər oğlu Şamilovun da ötən gün ürəktutmasından vəfat etdiyi bildirilir. “Yenicag.az” yazır ki, müayinə üçün Bakıya aparılan direktor orada keçinib. Ondan da böyük məbləğdə pul tələb edildiyi deyilir. Direktorun yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb. Bu faktın da rayon prokurorluğu tərəfindən araşdırıldığı deyilir.

Təhsil Nazirliyi və Göyçay rayon Təhsil Şöbəsindən isə bildirildi ki, gün ərzində hadisə ilə bağlı rəsmi açıqlama veriləcək.