Prezidentin köməkçisi: İlqar Məmmədov şərti azadlığa buraxıla bilər (yenilənib)

''Azərbaycan tərəfi konstruktiv danışıqlara gedə bilər''

***

İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl həbsdən buraxılmaq üçün müraciət etmək niyyətində deyil. Bunu REAL Hərəkatının liderinin vəkili Fuad Ağayev prezidentin xarici siyasət üzrə köməkçisi Novruz Məmmədovun bugünkü fikirlərini Turan-a şərh edərkən bildirib.

O, hökumətyönlü KİV-ə bildirib ki, İ.Məmmədov cəzasının üçdə ikisini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxıla bilər.

"İlqar Məmmədovu hakimiyyət həbs edib, o da azad etməlidir", - vəkil vurğulayıb.

Onun sözlərinə görə, İ.Məmmədov şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq üçün xahiş etmək, sonra da elektron bilərzikdə gəzmək niyyətində deyil.

***

“Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi".

Bunu dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib. Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi (AŞNK) ReAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı qərar qəbul edib.

AŞNK Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərə riayət edib-etməməsini müəyyən etmək üçün Avropa Məhkəməsinə sorğu göndərib.

APA-nın məlumatına görə, N.Məmmədov deyib ki, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir Avropa Şurasının Baş katibi Yaqlandın yuxusuna haram qatıb: "O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir”.

N.Məmmədov deyib ki, Azərbaycan sözügedən qərarın icrası üçün bütün mümkün vasitələrdən istifadə etməklə bağlı öz vədlərinə sadiq qalır, Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılmasına davam edir:

“Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər.

Lakin Avropa Şurasının bir qurumu prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri altına düşərək qərəzli mövqelərini davam etdirir. Vəziyyətin bu dərəcəyə çatmasında isə Yaqlandın həlledici rolu göz qabağındadır”.

Novruz Məmmədov Avropa Şurasını ikili standartlar aparmaqda qınayıb. Hesab edib ki, Avropa Şurası Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına biganə yanaşır.

Prezidentin köməkçisinin fikrincə, əgər Avropa Şurası belə addımlarla Azərbaycanı qurumdan kənarlaşdırmaq niyyətini əsaslandırmağa çalışırsa, buna heç bir ehtiyac yoxdur:

“Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür. Bununla belə, Azərbaycanın təşkilatdan çıxması faciə deyil. Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü maddəsini (quruma üzv dövlətlərin öhdəliyi yerinə yetirib-yetirməməsi) həmin dövlətlərə deyil, məhz ilk olaraq Azərbaycana qarşı tətbiq etməyə çalışır. Ermənistanda mövcud olan çoxsaylı insan hüquqları pozuntularının təsbit olunması fonunda bu ölkə haqda heç bir tənqidi fikrin belə söylənilməməsi AŞ Nazirlər Komitəsinin bu qərarı ilə bağlı ciddi suallar doğurur.

Bu isə yenə də müsəlman dövlətə qarşı qərəzli mövqe ortaya qoyur və islamofobiyanın müəyyən formada təzahürü deyilmi? Hətta ikitərəfli danışıqlar zamanı özünü dost kimi göstərməyə çalışan bəzi dövlətlər də səsvermə zamanı tamam başqa cür hərəkət edir”.

İlqar Məmmədov
İlqar Məmmədov.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun bir şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb. Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə AİHM-ə müraciət edəcək.

Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir.

Qərarda həmçinin deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər. Noyabrın 29-da Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) qərarına cavab verib.

Cavabda bildirilib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldırıb. Dekabrın 5-də bununla bağlı AİHM-ə müraciət olunub. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.