İslam ölkələrindən olan tələbələr qrant alacaq

Prezident bununla bağlı sərəncam imzaladı

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrant ala biləcəklər.

Dekabrın 6-da Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sənəddə göstərilir ki, Azərbaycanda ali təhsil, treninq və araşdırmalar sahəsində əldə olunmuş nailiyyətlər İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi tərəfindən yüksək qiymətləndirilir.

Buna görə də hesab olunur ki, İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi Proqramı çərçivəsində üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə təhsil üçün qrant təsis edilməsi beynəlxalq əməkdaşlığın genişlənməsinə və dünyanın bir çox ölkəsində insan resurslarının inkişafına mühüm töhfə verə bilər.

Prezidentin sərəncamına əsasən, 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis ediləcək.

Bu sərəncamda nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır; həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

Nazirlər Kabinetinə sərəncamdan irli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda, Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq bu sərəncamla təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirəcək.

Təhsil Nazirliyi bu sərəncama uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları Azərbaycanın ali təhsil müəssisələrini müəyyən edəcək və onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin edəcək.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli digər aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Maliyyə Nazirliyinə isə bu sərəncamla təsis edilmiş təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını təmin etmək tapşırılıb.

2016-cı il aprelin 15-dən etibarən xaricdə təhsil proqramının həyata keçirilməsi dayandırılıb və keçmiş təhsil naziri (dekabrın 5-dən etibarən vergilər naziri) Mikayıl Cabbarov proqramın yeni formatının hazırlandığını bəyan edib. Nazir bildirib ki, yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək.

Ekspertlər nazirin bu qərarını ölkədə pul azlığı ilə əsaslandırmışdılar.