Əziz Orucov
Əziz Orucov

Prokuror Əziz Orucova 7 il iş istədi

Növbəti prosesdə müdafiə tərəfi çıxış edəcək

Dekabrın 5-də "Kanal 13'' internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda prokuror Ramin Nağdəliyev çıxış edib. O, Ə. Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses dekabrın 12-də davam edəcək. Həmin gün vəkilləri müdafiə çıxışı edəcəklər.

Ə.Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib.

Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir.

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.