''Bizdə qiymət qalxdısa, onun enməsi problemdir''

Milli Məclis

Milli Məclisdə büdcə müzakirləri davam edir

“Təəssüflər olsun ki, neftin qiyməti aşağı səviyyədə olanda qiymətlər artır, amma neftin qiyməti artanda qiymətlər enmir. Neftin qiyməti 62 dollar olanda da qiymətlər həmin səviyyədə qalmışdı. Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”. 

Bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı deputat Yevda Abramov deyib.

Deputat bildirib ki, dünya bazarında neftin qiymətinin artıb-azalması Azərbaycanda qiymətlərə təsir etmir. 

O, büdcəni “halal” adlandırıb: 

“Biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq və tuta da bilmərik. Ötənilki büdcədən sonra builki büdcənin optimist notlar üzərində olacağına çoxunun ümüdi yox idi. Ancaq xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Bu gün büdcə halaldır və əladır. Amma büdcəyə münasibət dəyişməlidir. Dünən Ziyad Səmədzadə çıxışı zamanı “sosialyönümlü bazar” və “sosialyönümlü büdcə” sözlərini işlətdi.  Amma bunların heç biri biri-biri ilə uzlaşmır".

Yevda Abramov
Yevda Abramov.

Y.Abramov deputatı olduğu Qubada qaz probleminin həll edilmədiyini deyib: 

“Nədir bu qaz problemi? Mən iş adamlarının köməkliyi ilə bu problemin aradan qaldırılması üçün 20 min dollardan çox vəsait sərf etmişəm. Amma düzəlmir ki, düzəlmir. Bunun əsl səbəbini isə heç kim anlamır. Ona görə də “Azəriqaz” rəhbərliyindən xahiş edirəm, Qubada bir müşavirə keçirsin”.

 

Səhiyyə sahəsinə ayrılan xərclər azalıb

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkədə adambaşına düşən səhiyyə xərclərinin son dərəcə aşağı olduğunu deyib.  O vurğulayıb ki, səhiyyə sahəsində çalışanların əmək haqları olduqca aşağıdır: 

Əhliman Əmiraslanov
Əhliman Əmiraslanov.

“Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əmək haqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun. Maliyyə Nazirliyindən bu cür ciddi məsələyə diqqət etməyi xahiş edirəm”.

Niyə biz iş adamlarının Gürcüstana üz tutmasının səbəbini araşdırmırıq?

Deputat Çingiz Qənizadə deyib ki, vergi xidməti vasitəsilə büdcənin doldurulması üçün göstərilən prinsiplər heç vaxt dayanıqlı və müsbət nəticələrə gətirib çıxara bilməz: 

“Müxtəlif sahələrdə vergi azadolmalarını tətbiq etmişik. Bəzən sual verirlər ki, bizim bəzi iş adamları niyə Gürcüstana iş qurmağa gedirlər? Niyə biz iş adamlarının Gürcüstana üz tutmasının səbəbini araşdırmırıq? Nəyə görə Gürcüstanın vergi siyasəti ilə bağlı modelini Azərbaycana tətbiq edə bilmirik? Mən bilmək istərdim ki, hökumət, müəyyən qurumlar şəhərlərdə və rayonlarda araşdırma aparıblarmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb? Burada söhbət vergi təzyiqlərindən gedir. Bəlkə biz daha az iş yeri, daha çox vergi siyasətindən əl çəkərək, daha çox iş yeri və daha az vergi siyasətinə keçək?” 

Çingiz Qənizadə
Çingiz Qənizadə.

Deputat Azərbaycanda polis müstəntiqlərinin sayının artırılmasını təklif edib. O qeyd edib ki, daxili işlər orqanlarında polis müstəntiqlərinin icraatında 20-25 arası material və cinayət işi var: “Ona görə də işin obyetivliyindən söhbət açmaqda çətinlik çəkirik. Bakı, Sumqayıt, Gəncə şəhərlərində ən azı 2-3 müstəntiqin sayı artırılmalıdır”.

''Azəristiliktəchizat'' və ''Azəriqaz'' işini görə bilmirsə, özəlləşdirilməlidir

Gənclər və idman komitəsinin sədri Fuad Muradov “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazılığını bildirib. Məsələ ilə əlaqədar Baş nazirə müraciət edən deputat Xətai rayonunda müxtəlif yataqxanalarda istilik probleminin olduğunu diqqətə çatdırıb:

Fuad Muradov
Fuad Muradov.

“Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu, strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın. Bu məsələ “Azəriqaz”a da aiddir. Əgər onlar dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, o zaman özəlləşdirilsinlər.

İnsan kapitalının inkişafı onun hüquqlarının qorunmasını tələb edir. Bu, olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik”.

Vəkillərin sayının artırılması vacibdir

Milli Məclisin sədr müavini, həmçinin İnsan haqları komitəsinin sədri Bahar Muradova deyib ki, ölkədə insan hüquqlarına təsir edən amillər var. Bu amillər, əsasən, hüquq-mühafizə, təhlükəsizlik orqanları və məhkəmələrlə bağlıdır: “Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Vəkillərin, hakimlərin, müstəntiqlərin fəaliyyəti zamanı rast gəlinən çətinliklər dolayısı ilə, yaxud birbaşa insan hüquqlarına təsir edir. Əlbəttə, hakimlərin sayı artırılmalıdır və bunun gələn ilin büdcəsində nəzərə alınması vacibdir”.

Onun sözlərinə görə, obyektiv səbəblərdən insan hüquqlarının pozulmasından söhbət getmir:

Bahar Muradova
Bahar Muradova.

”İş yükünün çoxluğundan, işlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir sıra məsələlərin aydınlaşdırılmasının mümkün olmaması məhkəmə baxışı zamanı da bir sıra prosedurların pozulmasına gətirib çıxarır. Təbii ki, verilən hökmlərdən narazı qalan vətəndaşlar hüquqlarının pozulduğu qənaətinə gəlirlər və hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət etməli olurlar. Bizim komitəyə bu mövzuda edilən müraciətlərin çoxluğunu nəzərə alaraq deyirəm ki, hüquq-mühafizə, təhlükəsizlik orqanlarında və məhkəmə hakimiyyətində insan hüquqlarının real şəkildə qorunmasının həyata keçirilməsini təmin edəcək islahat və dəyişiklərə ehtiyac var. Bu məsələni çox gözləmək olmaz”.

Komitə sədri qeyd edib ki, bir müddət əvvəl qəbul edilən nümayəndəlik institunun məhdudlaşdırılması ilə bağlı qəbul edilən qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir:

“Vəkillik rolunu oynayan nümayəndələrin fəaliyyətini tənzimləmək üçün vəkillərin sayının artırılması vacibdir”.

Müzakirələr davam edir.