ReAL yenə qurultay üçün müraciət etdi

ReAl hərəkatı Respublika günündə

Bu dəfə qurultay üçün 7 məkan nəzərdə tutulub

Respublikaçı Alternativ Partiyasının (ReAL) Təşəbbüs Qrupu 1-ci təsis qurultayının keçirilməsi üçün yenidən bir sıra qurumlara müraciət edib. 

Bu barədə ReAL-ın mətbuat xidməti məlumat yayıb. 1-ci təsis qurultayının keçirilməsi üçün bu yerlərə müraciət olunub:

1. Bakı Şəhər İcra Hakimiyyəti 

2. Azərbaycan Dövlət Opera və Balet Teatrı,

3. Beynəlxalq Mətbuat Mərkəzi 

4. "Pullman Baku" Oteli 

5. "Park Inn" Otel

6. "Hyatt Regency" Oteli 

7. "The Landmark Baku" Oteli

Məlumatda bildirilir ki, Bakı şəhəri Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayına edilən müraciətə də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən heç bir cavab verilməyib. 

Qurultayın noyabrın 4,5,11,12,18,19,25,26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsinin mümkün olduğu göstərilib.

Bundan əvvəl ReAL oktyabrın 29-da qurultay keçirilməsi üçün Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət etmişdi. Təşəbbüs Qrupu “Təbriz” və “Bakı” kinoteatrlarında və ya Bəhlulzadə adına Mədəniyyət Sarayında qurultay keçirilməsini istəmişdi. 

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi müraciəti rədd edərək bildirmişdi ki, təsis qurultayından ötrü istənilən məkanlardan “Təbriz” və “Bakı” kinoteatrları baş idarənin balansında deyil. Bəhlulzadə adına Mədəniyyət Sarayında isə həmin tarixdə film nümayişi olacaq.

ReAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur. Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.