Prokuror Əli İnsanovun işi ilə tanış olmaq üçün vaxt istəyib

Əli İnsanov

Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb

Ali Məhkəmədə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda Ə.İnsanov iştirak etməyib. İclasda prokuror Rizvan Şəmmədov vəsatətlə çıxış edərək bildirib ki, işlə tanış olmaq üçün vaxt istəyir. Ə.İnsanovun vəkili A.Şahverdi isə vəsatətin təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin edib və proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.

Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb. O, ittihamları qəbul etmir və saxta adlandırır. Bildirir ki, onu həbsdə saxlamaq üçün saxta cinayət işi başlayıblar.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.