Model Günel Mirzəyeva
Model Günel Mirzəyeva Fotoqraf: SportBox

Modelin ölümü: Sənədlər deputatın dediklərini təkzib edir

Həbib Axundovla Günel Mirzəyevanın əlaqələrini təsdiqləyən sənədlər var

“Qızımız Günelin faciəli ölümü bədbəxt hadisədir. Olayın baş verməsində kimsə günahkar deyil. O cümlədən saytlarda adı hallanan Həbib Axundov”.

İyunun 26-da Bilgəh qəsəbəsində yaxtadan dənizə düşərək boğulan model Günel Mirzəyevanın ailəsinin yaydığı bəyanatda belə deyilir. Ailənin günahsız olduğunu bəyan etdiyi Həbib Axundov isə deputat Elmira Axundovanın oğludur.

Hadisədən bir müddət sonra mətbuat həmin yaxtanın Həbib Axundova aid olduğunu yazdı.

Hadisəni şişirdənlər bizim düşmənlərimizdir

Deputat Elmira Axundova isə “yenicag.az” saytına açıqlamasında deyilənləri təkzib edib: Oğlunun heç vaxt yaxtasının olmadığını söyləyib:

“Həbibin yaxtası olmayıb. Bu hadisəni şişirdənlər bizim düşmənlərimizdir. Onlar başqasının bu cür hallarına sevinir. Belə düşmənlərə insan adını da verə bilmərəm”.

Gəmi Həbib Axundovun adına olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “criminal.az” saytının sorğusuna cavabında isə bildirilir ki, Günel Mirzəyevanın ölümü ilə nəticələnən hadisə K-45 adlı “ABB 1278” bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti katerinin dənizdə olması zamanı baş verib:

“1 iyul 2016-cı ildə keçirilmiş texniki baxışın nəticələrinə əsasən, həmin gəmi Həbib Ramiz oğlu Axundovun adına olub. 17 iyul 2017-ci ildə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən, gəmi Həbib Axundovun adından dövlət qeydiyyatından çıxarılıb. Ancaq ölüm hadisəsi zamanı Həbib Axundov gəmidə olub”.

Rəsmi təsdiq yanlışdır

Elmira Axundova FHN-in cavabına da münasibət bildirib. Rəsmi təsdiqin doğru olmadığını deyib:

“Oğlumun günahı yoxdur, məlumat yanlışdır. Ümumiyyətlə, Həbib hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyifsilənirdi. “Olsaydım, batan qızı xilas edərdim”, - deyirdi. Çünki 15 il üzgüçülüklə məşğul olub. Bu, sadəcə bədbəxt hadisədir. Burada nə Həbibin, nə də dostunun günahı var”.

İnkar etmələri nəyəsə arxayın olduqlarının göstəricisidir

Elmira Axundova oğlunun gəmidə olmadığını desə də, FHN-in cavabı əksini söyləyir. Üstəlik, Meydan TV-yə adının açıqlanmasını istəməyən mənbə də Elmira Axundovanın niyə belə açıqlama verdiyini anlamadığını deyib. O, Həbib Axundovun həmin vaxt Bakıda olduğunu bildirib:

“İstirahətə də birlikdə getmişdilər. Belə inkar etmələri nəyəsə arxayın olduqlarının göstəricisidir. Görünür qızın ailəsini də ələ alıblar. Elə əvvəl də Həbib qızın ailəsinə “əl tuturdu”. Münasibətləri uzun müddətdir ki, vardı. Hətta qızın ölümündən sonra Elmira Axundovaya məxsus maşını qızgilin qapısında görmüşəm. Saatlarla maşın qapının ağzında qaldı. Hadisə yeni baş verəndə mətbuat işçilərini də içəri buraxmırdılar. Görünür, aralarında məsələnin ört-basdır edilməsi ilə bağlı razılaşmaya gəliblər. Olan olub, keçən keçib, belə başa düşdüm ki, məsələnin uzanması hər iki ailəyə sərf etməyib. Odur ki, nəyinsə qarşılığında, ya elə qızlarının adının hallanmamasına görə susublar. Ötən həftə də açıqlama yaydılar ki, daha bu barədə yazılmasın. “Qızımızın ölümündə kimsə günahkar deyil”, - söylədilər. Nə desinlər, başqa çarə varmı?”

Sadəcə bədbəxt qəza olub

Meydan TV modelin ölümü ilə bağlı FHN-in verdiyi cavaba münasibət öyrənmək üçün onun ailəsi ilə əlaqə saxlayıb. Onlar danışmaq istəmədiklərini, müvafiq açıqlama yaydıqlarını deyiblər:

“Biz açıqlama vermişik. Qızımızın ölümündə kimsə günahkar deyil. Artıq nəsə danışmaq istəmirik. Sadəcə bədbəxt qəza olub”.

Mənbə bildirir ki, Həbib Axundov qıza avtomobil də hədiyyə edibmiş:

“Maşın da almışdı, ev də tutmuşdu. Gəlib-gedirdi də. Görünür, hazırkı durumda münasibəti gizlətmək onlara sərf edir”.

Həbib Axundov qıza maşın da hədiyyə etmişdi

Adının mətbuatda hallanmasını istəməyən vəkilin Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyi sorğusuna verilmiş cavab Həbib Axundovun Günel Mirzəyevaya avtomobil verdiyini təsdiqləyir. Cavab məktubu Meydan TV-yə təqdim edilib.

DYP-nin cavabında bildirilir ki, Günel Mirzəyevanın öldüyü gün onun “Jeep Wrangler” markalı, “AZ 90 LL 333” nömrə nişanlı maşını sahildən bir qədər aralıda tapılıb. Sonradan avtomobili kimsə həmin yerdən aparıb.

Həmin avtomobilin əvvəlki sahibi isə deputat Elmira Axundovanın oğlu Həbib Axundov olub:

“O, qara rəngli “Jeep Wrangler” markalı avtomobili 2013-cü ilin dekabrında ipoteka ilə alıb. Həmin vaxt avtomobilə “AZ 90 RR 111” nömrə nişanı da alınıb. 2013-cü ildən 2015-ci ilə qədər avtomobilin nömrə nişanı dəfələrlə dəyişdirilib, nişanda əsasən 111 sonluğu saxlanılıb. 2015-ci ilin avqustunda avtomobil H.Axundovun adından etibarnamə ilə G.Mirzəyevaya sürməyə verilib. Maşının üzərindəki “AZ 90 GS 111” nömrə nişanı həmin ilin dekabrında “AZ 90 LL 333” nömrəsinə dəyişdirilib. G.Mirzəyeva dünyasını dəyişənə qədər “AZ 90 LL 333” nömrə nişanı idarə etdiyi “Jeep Wrangler” markalı avtomobilin üzərində olub”- cavab məktubunda deyilir.

Günel Mirzəyevaya məxsus nömrə nişanı satılır?

Hazırda isə “autonet.az” saytında Günel Mirzəyevaya məxsus olmuş avtomobilin nömrə nişanı satışa çıxarılıb. Nömrə 6 min 990 manata satılır. Bu il sentyabrın 11-də satışa qoyulan nömrə nişanına hələlik, müştəri tapılmayıb.

Meydan TV satış təmsilçisi ilə də əlaqə saxlayıb. O bildirib ki, nömrə ilə əlaqəli problem yoxdur, sənədləşmə işləri də qiymətə daxildir.


İstintaq sirridir, ətraflı məlumat verə bilmərik

Günel Mirzəyevanın ölüm faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb. Prokurorluqdan Meydan TV-yə istintaqın getdiyi, araşdırmaların davam etdiyi bildirilib. Ancaq işin hansı mərhələdə olması barədə açıqlama verilməyib:

“İstintaq sirridir. Bu barədə ətraflı nəsə deyə bilmərik”.

Günel Mirzəyeva bu il iyunun 26-da Bakının Bilgəh qəsəbəsi ərazisinə bir neçə şəxslə istirahətə gedib. Xəzər sahilində baş tutan məclisdən sonra, o, ətrafındakı şəxslərin əhatəsində yaxta ilə dənizə çıxıb. Yaxta sahildən 200 metr aralandıqdan sonra G.Mirzəyeva naməlum şəraitdə suya düşüb və boğulub. Onun ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 3 gün ərazində fasiləsiz aparılan axtarışlardan sonra G.Mirzəyevanın meyiti sudan tapılaraq ailəsinə verilib.