Tikinti sahəsi
Tikinti sahəsi Fotoqraf: Sosial şəbəkə

Tikintidə 175 nəfərin müqaviləsiz işlədiyi aşkarlanıb

Faktlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Baş Prokurorluğa göndərilib

175 işçinin əmək müqaviləsi olmadan çoxmərtəbəli binaların tikintisində işlədiyi məlum olub.

Məlumatı “Turan” "ASAN-xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinə istinadən yayıb.

Bildirilir ki, mərkəz 15 səyyar monitorinq həyata keçirib və monitorinq bina tikintisilə məşğul olan 15-i sifarişçi, 9-u podratçı, 17-i subpodratçı olmaqla, 43 hüquqi və fiziki şəxsi əhatə edib. Məqsəd qeyri-rəsmi əmək münasibətlərinini tənzimləmək olub. Yoxlamaların keçirildiyi müddətdə yoxlanılmış 557 işçidən 382-nin müqavilə ilə işlədiyi aşkar olunub.

Mərkəz faktları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Baş Prokurorluğa göndərib.

Əmək Məcəlləsinə görə, işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi 7 min manatdan 10 min manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prezident İlham Əliyev bu il aprelin 28-də tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsi haqqında fərman imzalayıb.