Prokuror Fikrət Qocanın oğlunun ölümündə təqsirləndirilənlərə iş istədi

Fikrət Qoca

Vəkillərə çıxış üçün vaxt verildi

Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun məhkəmə iclası davam edib .

Hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edərək bildirib ki, təqsirləndirilən şəxslərin cinayət törətmələri istintaq və məhkəmə zamanı sübuta yetirilib, təqsirləndirilən şəxslər cinayəti törətmələrini etiraf ediblər. O, Elnur Nəhmədovun 19, Ruslan Məmmədovun 4, Pərviz Hüseynovun isə 3  il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. 

Yalçın Qocayevin oğlu Əli Qocayev isə prokurorun çıxışına münasibət bildirən zaman şikayətçi olmadığını deyib. Təqsirləndirilən şəxslərin vəkilləri isə çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.

Proses noyabrın 20-də davam edəcək.

Martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.