İranda zəlzələ: Ölənlərin sayı 400 nəfərə yaxınlaşır

İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində ölənlərin ümumi sayı 381-ə çatıb

İRİB agentliyinin yaydığı xəbərə görə, zəlzələ zamanı İranda 370 nəfər ölüb, 6 min adam yaralanıb.

İraqda isə zəlzələ qurbanlarının sayı 11 olub, onlarla insan yaralanıb.

Bildirilir ki, İranın bəzi ərazilərində elektrik enerjisi təchizatı dayandırılıb, telefon və internet xidmətləri işləmir.

İranda 1990-cı ildə 40 min adamın ölümü ilə nəticələnmiş zəlzələ baş verib.

***

Kirmanşah əyalətində 3 günlük matəm elan olunub

Noyabrın 12-də axşam İran-İraq sərhədində 7,6 bal gücündə baş verən zəlzələ nəticəsində 207 nəfər ölüb, 1700 nəfər xəsarət alıb. 

Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.  APA-nın Tehran bürosu bu barədə xəbər verib.

Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında zəif hiss olunub.

Yeraltı təkanlar yerin 19 km. dərinliyində qeydə alınıb.

lkin məlumatlara görə, İranda baş verən zəlzələ zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

“Report”-a Azərbaycanın İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğundan məlumat verilib

Diplomatik nümayəndəlikdən bildirilib ki, İranın müvafiq qurumlarından bu barədə məlumat daxil olmayıb. Həmçinin İranda yaşayan və konsulluqda qeydiyyat alınmış Azərbaycan vətəndaşlarından heç kim müraciət etməyib.

Baş Konsulluqdan verilən məlumata görə, Azərbaycan vətəndaşları əsasən təbii fəlakətdən zərər çəkməyən əyalətlərdə yaşayırlar.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli modern.az-a deyib ki, İran-İraq sərhəddində baş verən güclü yeraltı təkanlar Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz. O, sərhəd bölgələrdə zəif təkanların hiss edilməsinin normal olduğunu deyib:

“Yerli vaxtla saat 22:18:16-da İran-İraq ərazisində maqnitudası Mw=7.2  zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan MR, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad rayonlarında zəif hiss olunub. Sərhəd ərazilər olduğundan zəlzələnin hiss edilməsi normaldır. Buna görə narahat olmağa dəyməz”.