Qəzada xəsarət alan neftçi öldü

''Xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlamışdı''

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada xəsarət alan işçilərdən digəri də ölüb.

 Bu barədə "Baku Medical Plaza"dan APA-ya bildiriblər. Deyiblər ki, ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlovun meyiti artıq ailəsinə təhvil verilib.

 "Xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlamışdı. Bütün səylərə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı".

 Hadisə noyabrın 3-də "Qaradağ" sahəsindəki 490 saylı quyuda baş verib. Qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Cavad Ədilov lazımi müayinələrdən keçirildikdən sonra, həmin gün evə buraxılıb.

Bu, son dönəmlərdə Azərbaycanda neftçilərin üzləşdiyi ilk qəza deyil.

Noyabrın 4-ü “28 May” Neft Qaz Çıxarma İdarəsinin ((NQÇİ) 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi, 59 yaşlı Rasim Əliyev 262 saylı quyuda işləyən zaman dənizə düşərək boğulub.

2016-cı il dekbarın 15-də isə Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində güclü külək nəticəsində 10 nəfər neftçi dənizə düşmüşdü. Onlardan həmin gün birinin, sona isə 9-nun meyiti sudan çıxarılıb.

2015-ci il dekabrın 4-dən 5-nə keçən gecə isə “Günəşli” yatağındakı 10 saylı platformada yanğın baş vermişdi. Onda 63 fəhlədən yalnız 32-nin həyatını xilas etmək mümkün olmuşdu. Qalan 31 nəfərdən bəzilərinin meyiti, hələ də tapılmayıb.

Neftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirmişdi ki, belə qəzaların olma səbəbi SOCAR-da mütəxəssis azlığıdır:

“SOCAR-da işə mütəxəssisdən çox qohum götürürlər. Bundan əlavə, sağlam iş şəraiti yaradılmayıb. Deyirlər, qurğular köhnədir, amma araşdırılsa görünər ki, həmin qurğuların təmiri üçün dəfələrlə vəsait ayrılıb”.

Onun sözlərinə görə, neft daşlarında, dərin dəniz özüllərində, estakadalardakı iş şəraiti həddindən artıq təhlükəlidir.

“Üstəlik, təhlükə baş verən sahələrdə kimsə cəzalandırılmır. Ona görə ki, nə qohumdan, nə tanışdan keçə bilirlər. Odur ki, hamısı çox rahatçılıqla yerlərində oturublar və vəziyyəti düzəltmək haqqında düşünmürlər”.