İlham Əliyev: Azərbaycanın maliyyə durumu bir çox ölkələrə nümunədir

foto AZƏRTAC

''Prezidentin iqtisadi gəlirlərin 38 milyard dollar azalmasını maliyyə itkisi hesab etməməsi heyrətamizdir''

“Azərbaycanın maliyyə durumu sabitdir. Bu sahədə heç bir problemimiz yoxdur”. 

Prezident İlham Əliyevin sözləridir. O, bu barədə Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən tədbirdə deyib. Prezident ölkənin maliyyə vəziyyətini müsbət qiymətləndirib: 

“Bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İlin sonunadək hələ nə qədər artacaq. Bizim xarici borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir. Bizim iqtisadi uğurlarımızı aparıcı iqtisadi Forum olan Davos qiymətləndirir. Dünya miqyasında 35-ci yerdəyik”.

İlham Əliyev neft sənayesinə gələn il böyük vəsait ayrılacağını da söyləyib: 

“Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir”.

Prezidentin açıqlamasını Meydan TV-yə şərh edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev bildirib ki, əgər dövlət başçısı son iki ildə Azərbaycanın ümumi iqtisadi gəlirlərinin 38 milyard dollar azalmasını maliyyə itkisi hesab etmirsə, buna heyrət etməmək mümkün deyil. 2014-cü ilə qədər bu gəlirlər 75 milyard idi, hazırda 37 milyarddır: 

“Neftin qiymətlərinin enməsindən sonra ölkə iqtisadiyyatı itkilərə məruz qalıb. Hazırda xidmət, istehsal sektorunda tənəzzül yaşanırsa, bunu necə müsbət xarakterizə etmək olar?! Son bir neçə ayda Dövlət Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyatlarında artımlar neft qiymətlərinin qalxması hesabınadır. Mərkəzi Bankın valyuta ehtiyatları iqtisadi fəallığın süni şəkildə məhdudlaşdırılması hesabına təmin edilir. Bu artımlar iqtisadiyyatın yaxşı idarə olunması hesabına gerçəkləşmir, əksinə, iqtisadi fəallıq çökdürülüb, nəticədə əhalinin gəlirləri kəskin aşağı düşüb”.

Nemət Əliyev
Nemət Əliyev.

İqtisadçı sual edir: Deyir, harda görünüb ki, valyuta ehtiyatlarının artması hesabına iqtisadiyyata müsbət qiymət verəsən? 

“Yaxşı olar ki, ölkə başçısı emal sektorunun çökməsinin, xarici ticarət dövriyyəsinin kəskin aşağı düşməsinin, ÜDM-nin azalmasının səbəbləri barədə danışsın. Nəhayət, Rusiya, Belarus, Ermənistan və Gürcüstanla müqayisədə iqtisadi göstəricilər aşağı düşüb, bunlar niyə xatırlanmır?”, - deyə Nemət Əliyev fikrini tamamlayıb.

Noyabrın 8-də Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən prezident İlham Əliyev ölkənin neft strategiyası, iqtisadi vəziyyət və gələcək perspektivlər barədə danışıb.