Keçmiş səfir energetika naziri oldu

Pərviz Şahbazov

Prezident İşlər müdirinin oğluna vəzifə verdi

Oktyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Pərviz Şahbazov 2016-cı ilə qədər Azərbaycanın Almaniyadakı səfiri olub. O, Prezidentin İşlər müdiri Oqtay Şahbazovun oğludur.

Pərviz Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycanın Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var. O, ingilis, alman və rus dillərini bilir.

Energetika Nazirliyi 2005-ci ildə Sənaye və Energetika Nazirliyi kimi yaradılıb. 2013-cü ildə Energetika Nazirliyinə çevrilib. 2005-2017-ci illər ərzində qurumun rəhbəri Natiq Əliyev olub. Natiq Əliyev bu il iyunun 9-da ürək xəstəliyindən vəfat edib.