Bayram Məmmədov ''kars'' cəzası alıb

İlkin Rüstəmzadə ilə Elgiz Qəhrəman aclıq aksiyası keçirmək istəyir

Oktyabrın 11-də vəkil Əsabəli Mustafayev 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İlkin Rüstəmzadə və Bayram Məmmədovla görüşüb.

Bu barədı Meydan TV-yə məlumat verən vəkil deyib ki, müəssisə rəhbərliyi onu görüş üçün 1 saat yarım gözlədib.  

Bu gözlətmənin məhbusların Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrilə görüşünə görə olduğunu desələr də, vəkil bunu bəhanə sayır:

"Yalnız mənim Penitensiar Xidmətə şikayətimdən sonra görüş baş tutdu".

Vəkil Bayram Məmmədovun 5 günlük "kars" cəzası aldığını deyib:

"Cəzanın səbəbi Bayram Məmmədovun yerini dəyişməsidir, ancaq bu yerdəyişməyə müəssisə rəhbərliyi 2 ay əvvəl razılıq verib. Bayram Məmmədov bunu bəhanə hesab edir. Bunu rəsmiləşdirmək üçün ondan məcburi qaydada izahat alıblar. Ümumiyyətlə, müəssisə rəhbərliyi Bayram Məmmədova qərəzli yanaşır. "Kars" çox soyuqdur. Düzdür, dostlarından paltar alıb, amma içəri keçirməyə qoymayıblar. Mən Bayramla görüşdə belə söhbət eşitdim ki,  oktyabrın 9-da onun yanına gələn bir sıra rəsmi şəxslərlə görüşdə narazılıq yaranıb. Müəssisə rəisi də buna görə Bayramı cəzalandırıb. Bundan sonra Bayram Məmmədovun saçlarını qırxıb "kars"a salıblar. Amma məhbusun yanına kimlərin gəldiyini öyrənə bilmədim".

Əsabəli Mustafayevin sözlərinə görə, Elgiz Qəhrəman və İlkin Rüstəmzadə Bayram Məmmədova qarşı münasibətə etiraz olaraq aclıq aksiyası keçirmək istəyirlər və buna görə müdiriyyətə müraciət də ediblər. Ancaq rəhbərlik qəbul etməyib. 

Vəkil Bayram Məmmədovun vəziyyəti ilə bağlı Ombudsman Aparatına müraciət etdiyini söyləyib:

"Aclıq aksiyasına başlamaq istəyənlərin 3 tələbini müraciətdə qeyd etmişəm. Birinci tələb Bayram Məmmədova qarşı təqiblərə və qərəzə son qoyulmasıdır. İkinci, onun üzərində ekspertiza keçirilsin, bədənində hər hansı xəsarətin olub-olmaması müəyyənləşsin. Üçüncü, Ədliyyə Nazirliyinin rəhbərliyi onlarla görüşsün". 

Bayram Məmmədov digər fəal Qiyas İbrahimlə birgə ötən il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimin şikayətini icraata götürüb.