Azərbaycanlı mühacirlər Almaniyanın 3 şəhərində aksiya keçirib

Sentyabrın 22-də Avropaya sığınan azərbaycanlı mühacirlər Almaniyanın 3 şəhərində etiraz aksiyası keçiriblər. Aksiyaları Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşkil etdiyi bildirilir.
Mainz, Münster və Ansbach şəhərlərində təşkil olunan aksiyalarda adları Azərbaycan məmurlarından rüşvət qəbul etməkdə hallandırılan bir neçə almaniyalı deputatın hərəkətləri qınanılıb. Aksiyada 100-dək şəxsin iştirak etdiyi bildirilir.

Aksiyalarda çıxış edənlər Azərbaycan hökumətinin insan hüquq və azadlıqlarını məhdudlaşdırdığına, beynəlxalq öhdəliklərə və ölkə Konstitusiyasına əməl emədiyinə diqqət çəkməyə çalışıblar.
Aksiyada “Diktaturaya son”, “Təzyiqlərə son” şüarları səsləndirilib, qətnamə ilə yekunlaşıb.

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

Koordinasiya Mərkəzi bu il Almaniyada bir neçə dəfə «Siyasi məhbuslara azadlıq!» şüarı ilə etiraz aksiyası keçirib.