Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi

''MTN işi'': Zərərçəkmiş generalın üstünə su atdı

“MTN-i sizin kimi generallar dağıdıb”. 

Bu sözləri sentyabrın 21-də keçirilən məhkəmə prosesində zərərçəkmiş kimi tanınan Maqsud Mahmudov mühakimə olunan general-mayor Elçin Quliyevə deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

“Malik Elçin Quliyevin ona təzyiq etdiyini deyirdi”

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Zərərçəkmiş Mətləb Mustafayev epizodu üzrə şahid qismində Əbülfəz Məmmədov ifadə verib. O, M.Mustafayevin qardaşı, intihar etmiş MTN polkovniki Malik Mustafayevlə yaxın dost olduğunu deyib. Şahid M.Mustafayevə E.Quliyev tərəfindən təzyiq edildiyini deyərək, onun ölümündə MTN generalını ittiham edib: "Ölümündən bir gün əvvəl Maliklə görüşdüm. O, özünü öldürəcəyini deyirdi. Rəisi Elçin Quliyev tərəfindən qardaşı Mətləb Mustafayevə görə təzyiq olunduğunu bildirirdi. Mənə dediyinə görə, Elçin Quliyev onun qardaşından Əli Nağıevin əleyhinə ifadə almağa çalışırmış".

"Siz heç Əli Nağıyevi tanıyırsınız?”

E.Quliyev isə şahidi yalan danışmaqda ittiham edib:

"Siz heç Əli Nağıyevi tanıyırsınız? Əl Nağıyevlə bağlı Mətləbdə nə məlumat ola bilərdi ki, mən onu almaq istəyim? Siz özünüz Malik Mustafayevin ölümündən dərhal sonra istintaqa ifadə vermisiniz. Heç orda mənim adımı çəkməmisiniz. İndi niyə adımı hallandırırsınız? Deməli, bu şahid təzyiqlə ifadə verir və onun ifadəsi qərəzlidir. Orda sənə kimsə hədə-qorxu gəlirdi ki, səni öldürəcəyik, başını kəsəcəyik?"
Şahid isə "o qədər baş kəsməyə öyrəşmisiniz ki", deyə E. Quliyevə cavab verib.

Zərərçəkənlə təqsirləndirilən şəxs bir-birini təhqir etdi

M. Mustafayevin epizodu üzrə keçmiş MTN-in Təhqiqat İdarəsinin rəisi olmuş Mövsüm Əsgərov da ifadə verib. O, ifadəsində M. Mustafayevin evindən silah tapıldığını deyib.

E.Quliyev isə bildirib ki, iclasa gələn şahidlər öyrədilib. Bu, zərərçəkmiş Maqsud Mahmudovun narazılığına səbəb olub. M.Mahmudov deyib ki, E.Quliyev kimi generallar MTN-i dağıdıblar.

Bu zaman E.Quliyev zərərçəkmişləri "dələduz" adlandırıb. Tərəflər arasında mübahisə yaranıb. Onlar bir-birlərinin ünvanına təhqiramiz sözlər işlədiblər.
M.Mahmudov stəkandakı suyu E.Quliyevə atıb. Bundan sonra hakim M.Mahmudovun zaldan çıxarılmasına göstəriş verib.
Növbəti iclas sentyabrın 22-də davam etdiriləcək.

Xatırlatma...

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.